UEFA rəsmisi: Rumıniya millisi Bakıda oynamaq istəyir
13.03.2014 - 15:34
UEFA rəsmisi: Rumıniya millisi Bakıda oynamaq istəyir

Rumıniya 2020-ci il Avropa çempionatının təşkilində Azərbaycanla tərəfdaş olmaq istəyir. Apasport.az saytının məlumatına görə, bunu Rumıniya Futbol Federasiyasının (RFF) fəxri prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü Mirça Sandu açıqlayıb.

 

1990-2014-cü illərdə RFF-nin rəhbəri olmuş Sandu bildirib ki, Buxarest Bakı ilə AVRO-2020-nin eyni qrup matçlarına iddia etmək arzusundadır: “Bizim AVRO-2020-ni qəbul etmək şanslarımız 60 faizdir. Lakin biz Şərqi Avropada da bir şəhər tapmalıyıq. Böyük ehtimalla, bu şəhər Azərbaycan paytaxtı Bakı olacaq. Rumıniya millisi final mərhələsində oynayacağı halda, 2 görüşünü Buxarestdə, birini Bakıda keçirəcək”.

 

Sandunun dedikləri müəyyən anlaşılmazlıqla qarşılaşa bilər. Lakin onun fikirləri heç də əsassız deyil.

 

Əslində isə məsələ ondadır ki, AVRO-2020-nin oyunları keçiriləcək 13 şəhərdən biri yalnız yarımfinallar və finalı qəbul edəcək. Digər 12 şəhər isə yerləşdiyi əraziyə əsasən 6 cütlük kimi təqdim olunacaq.

 

Cüt şəhərlər onun üçündür ki, burada eyni qrupun matçları keçirilsin. Bir qrupun 6 oyunu, orada 1-ci olan komandanın 1/8 final matçı və 1/4 finallardan biri – ümumilikdə 8 görüşlük “paket” bu cütlüyə verilir. Bunun üçün də həmin şəhərlərin yaxın olması zəruridir.

 

UEFA-nın tələblərinə əsasən, onlar arasında məsafə təyyarə ilə 3 saatdan artıq olmamalıdır və saat qursaqlarını 2 saatdan çox ayırmamalıdır.

 

Sandunun dediklərinə əsasən, Rumıniya əvvəl Macarıstan paytaxtı Budapeştlə cütlük təşkil etmək istəyib. Lakin sonradan onlara UEFA-dan bildiriblər ki, Budapeşt Mərkəzi Avropa kimi bu bölgədən kiminlə isə cüt təşkil edəcək. Buna görə də Sandu Bakı haqda düşünməli olub.

 

Qeyd edək ki, Bakı və Buxarest arasında 2 saat fərq var. İki şəhər arasında təyyarə uçuşu 2 saat 41 dəqiqədir. Hər iki şərt UEFA-nın tələblərinə uyğun gəlir.