UEFA-nın Apellyasiya Komitəsi AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində yarımçıq dayandırılan Serbiya - Albaniya matçı ilə bağlı işə baxacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu haqda Albaniya Futbol Federasiyası bildirib.
Sözügedən qurum dekabrın 2-də qalmaqallı oyunda kimin doğru, kimin yanlış olduğuna qərar verəcək.
Qeyd edək ki, oktyabrın 14-də keçirilən Serbiya - Albaniya (0:0) matçda oyunun 42-ci dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı “Böyük Albaniya” bayrağı meydançaya endirilib. Ev sahiblərinin müdafiəçisi Stefan Mitroviç parçanı çəkmək istəyən zaman isə iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Daha sonra yerli azarkeşlər meydana daxil olub. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırmışdı.
Oktyabrın 24-də isə UEFA sözügedən qalmaqallı qarşılaşma ilə bağlı son qərarını açıqlayıb. Ali futbol qurumu Albaniya yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib. Serbiya millisinin isə turnirdə üç xalı silinib və komandanın UEFA-nın bayrağı altında keçirəcəyi növbəti iki oyunu azarkeşsiz oynayacaq. Həmçinin hər iki milli 100 min avro məbləğində cərimələnib.