“Azərbaycan və Qazaxıstana yollanmaq variantım var idi. Ancaq mən bu ölkələrə getməyə razılaşmadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Metallist” klubunun yarımmüdafiəçisi Vladimir Priyomov deyib.
Ukrayna mətbuatına geniş müsahibə verən “Metallist”in yeni transferi qış fasiləsində ölkəmizə gələ bilərmiş. Lakin o, Azərbaycan Premyer Liqasını bəyənmədiyini etiraf edib: “Həmin ölkələrin futboluna hörmətlə yanaşıram, son vaxtlar inkişafda olduğunu da bilirəm. Amma səviyyə baxımından Ukrayna Premyer Liqasından aşağıdılar. Hesab edirəm ki, hələ də yüksək səviyyədə oynamaq gücüm var. Buna görə də, ölkəmdə qalmağı üstün tutdum”.
Qeyd edək ki, Ukrayna gənclər millisinin formasını geyinmiş Vladimir Priyomov bu qış “Metallurq”u (Zaporojye) “Metallist”ə dəyişib.