Azərbaycan kubokunun yarımfinal mərhələsi yerli və gürcüstanlı baş məşqçiləri dueli ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 1/4 finalın cavab matçlarının nəticələrinə əsasən iki azərbaycanlı və iki legioner mütəxəssisin rəhbərlik etdiyi komanda mərhələ adlayıb.
Arif Əsədov “Neftçi”ni, Qurban Qurbanov isə “Qatabağ”ı kubokun 4 ən güclüsü sırasına daşıyıb. Gürcüstanlı mütəxəssislərdən Kaxaber Sxadadze “İnter”, Georgi Çixradze “Simurq”la eyni uğura nail olub.
Yarımfinalda isə iki ölkədən olan çalışdırıcılar üz-üzə gələcək. Qurbanov və Çixradzenin yetirmələri əyalət klublarının duelundə qüvvəsini sınayacaq. Paytaxt derbisində isə Sxadadze ilə Əsədovun komandaları görüşəcək.
Qeyd edək ki, 1/2 final mərhələsində ilk oyunlar aprelin 13-də, cavab oyunları aprelin 21-də keçiriləcək.