Yaşar Seyidov sözünün üstündə durmadı: 20 ildir səhv yoldayıq - MÜSAHİBƏ
10.06.2014 - 15:18
Yaşar Seyidov sözünün üstündə durmadı: 20 ildir səhv yoldayıq - MÜSAHİBƏ

“Bakı” klubunun icraçı-direktoru Yaşar Seyidovun apasport.az saytına müsahibəsi

 

- Komandanızda qeyri-müəyyənlik hələ davam edir?

- Hansı qeyri-müəyyənlik? Komanda hazırda istirahətdədir. Futbolçular iyunun 25-də bir araya gələcəklər.

 

- Biz baş məşqçiniz Milinko Pantiçlə klub prezidenti Hafiz Məmmədovun mayın sonlarında İspaniyada planlaşdırılan görüşünü nəzərdə tuturuq...

- Hafiz müəllim hazırda ölkə xaricindədir. Bakıya qayıdandan sonra görüşün olub-olmadığını biləcəyik.

 

- Hafiz bəy indi hardadır ki?

- Sözün düzü, dəqiq hansı ölkədə olduğunu bilmirəm.

 

- Belə söhbətlər dolaşır ki, “Bakı” yalnız aşağı yaş qruplarından ibarət komanda kimi fəaliyyət göstərəcək...

- Bu fikirlər həqiqəti əks etdirmir. “Bakı” Futbol Klubunun Akademiyası 5 ildir fəaliyyət göstərir. Neçə ildi əziyyətlə yetişdirdiyimiz futbolçular bu gün əsas komandada oynamalıdırlar. Bu gün 400-500 min dollara transfer etdiyimiz əcnəbilərin əsas komandada çıxış etməsindənsə, akademiyamızdan çıxan futbolçular meydanda yer almalıdır. Sizi iddialı klub nəyə deyirsiniz? Avroliqaya çıxıb, 1-2 oyundan sonra uduzub qayıdırlar. Yalnız bir dəfə “Neftçi” Avroliqanın qrupunda oynayıb. Bundan böyük uğurumuz olub? Ona görə də bütün klublar öz siyasətlərini dəyişməlidir. Biz öz yetişdirdiyimiz futbolçular və 3-4 səviyyəli legionerlərlə birgə Avropaya getməliyik. 20 ildir ki, bu səhvlər təkrarlanır. Ona görə də siyasət dəyişməlidir. Pantiç böyük məşqçidir. Onun Azərbaycanda ən böyük uğuru o olacaq ki, yetişdirdiyi futbolçularla Avropaya gedəcək. 2 il əvvəl Avroliqada oynayırdıq. Nə olsun, getdik “Mura”ya uduzub gəldik. Ona görə də siyasət dəyişməlidir. Mən jurnalistləri başa düşə bilmirəm. İstəyirsən ki, Azərbaycan futbolunu inkişaf etdirmək üçün yerli futbolçuları oynadasan, deyirlər ki, “Bakı” iddiasız klub olur. Bahalı transferlər edirsən, nəticə olmur, onda da deyirlər ki, böyük pullar xərclənir. İndi siz deyin, biz nə etməliyik? Uzun illər bu sahədə olan biri kimi, ölkə futbolunun  20 ildir səhv yolda olduğunu etiraf edirəm. Bu gün Azərbaycanda ən elit qrup “Bakı”nın akademiyasından çıxan futbolçulardır. U-19, U-17 çempion, U-16 II yeri tutub. Bu uşaqlar oynamalıdır, ya yox? Düşünürəm ki, gələn il də Avroliqaya getməyimiz lazım deyil. Çünki bu uşaqları yetişdirib 2 ildən sonra orda çıxış etməliyik. Mən Azərbaycan futbolunun nicatını ancaq yetişdirdiyimiz oyunçularda görürəm.

 

- Ancaq bu siyasət dəyişikliyini maddi baxımdan problemlərlə üzləşəndən sonra etməyə başladınız...

- Niyə maddi problemimiz olur ki? Guya 1-2 ayın maaşının gecikməsi ilə maddi problem olur? Yaxın günlərdə, çempionata qədər bütün bu problemlər həll olunacaq. Bu gün “Bakı”nın akademiyasında bütün mövqelər üzrə Avropada oynaya biləcək futbolçuları var. Məsələn, Namiq Ələsgərovu Avropanın bir neçə klubundan istəyirdilər. Pantiç onu buraxmadı. 2 Avropa klubu idi. Ad çəkə bilmərəm. Çempionlar Liqasının qalibi olmuş klublardan ona rəsmi təklif var idi. İstəsəniz, həmin təklifi sizə göndərə bilərəm.

 

- İndi redaksiyamıza göndərə bilərsiniz?

- Yox. Çox təəssüf ki, bunu sizə göndərə bilmərəm.

 

- Bəs Pantiç onu niyə buraxmadı?

- Tək ona yox, bir neçə futbolçumuza təklif vardı. Ancaq Pantiç qoymadı. Dedi ki, siz bir şeyi fikirləşin. Siz Azərbaycanda futbolu inkişaf etdirmək istəyirsinizsə, qoyun, mən bu oyunçuları 2 il də hazırlaşdırım, bundan sonra nəinki bu 2 klub, istənilən komanda üçün futbolçu verə biləcəksiniz. Biz də fikirləşdik ki, doğrudan da bu adam düz deyir. Pantiçin bu fikirləri bizə ideya verdi. Dedi ki, siz nə vaxta kimi futbolçu alıb gətirəcəksiniz, boş-boşuna pul xərcləməklə heç nəyə nail olmayacaqsınız. Ən yaxşısı, bu uşaqları 2 il də hazırlaşdırım və bundan sonra onlar istənilən Avropa klubu ilə başa-baş oynayacaq.

 

- Klubda maliyyə probleminin olmadığını dediniz. Siz sonuncu dəfə maaşınızı nə vaxt almısınız?

- Qardaş, mənim maaşım ictimaiyyət üçün maraqlı deyil. Maaşla bağlı klubun heç bir problemi yoxdur. Futbolçular iyunun 25-də Bakıya gələcəklər. Yəqin ki, onda bütün ödənişlərin hamısını həyata keçirəcəyik.

 

- “Xəzər Lənkəran”ın Rauf Əliyevi istədiyi deyilir. Deyilənə görə, siz transfer üçün onlardan 500 min dollar pul istəmisiniz...

- Bu klubdan bizə Rauf üçün rəsmi təklif olmayıb. “Xəzər Lənkəran”ın bu futbolçuya marağının olmasını normal qarşılayıram, o, millinin oyunçusudur. Ancaq hər şey müraciət formasında edilməlidir. Sonra hörmət əsasında bütün məsələlər həll olunmalıdır.

 

- Azərbaycan banklarından birində futbolçuların depozitə qoyduqları pulların yoxa çıxması deyilir. Bu xəbəri eşidəndə münasibətiniz necə oldu?

- Düzgün olmayan bir xəbərdir. Bəyəm Rauf Əliyev və ya Əfran İsmayılov banka 400 min pul qoyar? Bunlar yazılanda dəqiqləşdirilməlidir. Əfranın 400 min depoziti ola bilərmi?

 

Səbuhi TOFİQOĞLU 

0