Yaşar Vahabzadə: Çexiyalılar razılaşsalar...
27.04.2015 - 15:04
Yaşar Vahabzadə: Çexiyalılar razılaşsalar...

“Avstriya toplanışı çərçivəsində Çexiya ilə yoxlama oyunu keçirəcəyimiz dəqiqdi. Bəlli olmayan yeganə məsələ matçın tarixidi ”. Bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

 

U-21 iyunda yollanacağı Avstriya toplanışında yoxlama oyununda qüvvəsini sınayacaq. Vahabzadənin sözlərinə görə, rəqib komanda Çexiyanın 21 yox, 23 yaşlı futbolçularından ibarət olacaq: “Rəqib Çexiyanın U-21 millisi deyil. Qarşılaşacağımız komanda 1992-ci il təvəllüdlü oyunçulardan ibarət olacaq. Yəni futbolçularımız özlərindən yaşca böyüklərlə qarşılaşacaqlar. Çexiyanın bu komandası Avropa çempionatının final mərhələsində iştirak edəcək. Onlar turnirə məhz bizimlə oynadıqdan sonra yollanacaqlar”.

 

Vahabzadə yoxlama matçının iyunun 9-na salınmasını istədiklərini qeyd edib: “Bizim istəyimiz odu ki, matç ayın 9-da keçirilsin. Amma hələlik bu məsələ dəqiqləşməyib. Sevindirici haldı ki, çexiyalılar da bizimlə yoxlama oyunu keçirmək istəyirlər. Hazırda matçın keçirilmə tarixi ilə bağlı müzakirələr gedir. Əgər Çexiya millisi də razılaşsa, oyun iyunun 9-na salınacaq”.