“Təlim-məşq toplanışı həmişə faydalı olur. Odu ki, iyunda yığışıb, ölkə xaricinə yollanmağımız yerinə düşəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.
Əsas milli kimi, U-21 yığmamız da iyunda Avstriyada təlim-məşq toplanışı keçəcək. Yaşar Vahabzadənin yetirmələrinin toplanış çərçivəsində Çexiya ilə yoxlama oyunu nəzərdə tutulub. Onun fikrincə, bu görüş komandadakı boşluqları görmək mənasında xeyirli olacaq: “Düzdü, Çexiya ilə qarşılaşacağımız hələ tam dəqiqləşməyib. Amma çox güman ki, elə onlarla oynayacağıq. Təbii ki, Çexiya ilə yoxlama oyunu bizim xeyrimizə olacaq. Ümumiyyətlə, yoxlama görüşlərində güclü komandalarla qarşılaşmaq lazımdı ki, komandadakı boşluqları görəsən”.
Baş məşqçi heyətdə böyük dəyişikliklərin olmayacağını əlavə edib: “Toplanışa kimləri dəvət edəcəyimi hələ müəyyənləşdirməmişəm. Qarşıda çempionat oyunları var. Mövsümün sonunda siyahını açıqlayacam. Təbii ki, komandanın əsas üzvlərini yenə dəvət etmək fikrim var. Amma heyətdə yeni adlar da ola bilər. Kim özünü çempionatda yaxşı tərəfdən göstərsə, milliyə dəvət edəcəyik”.
Vahabzadə köməkçisi Babək Alxasovun yeni yaradılacaq U-20 yığmamıza baş məşqçi keçmək variantına da toxunub: “Mən də bunu eşitmişəm. İstənilən halda, Alxasov U-21-dən ayrılmayacaq, mənə yardımçı olmağa davam edəcək. U-20-yə baş məşqçi keçsə belə, paralel olaraq, hər iki işini görəcək”.