Yeganə əvəzolunmaz
25.02.2014 - 15:56
Yeganə əvəzolunmaz

Topaz Premyer Liqasının XXIII turu ən çox oynayan futbolçuların siyahısında təkhakimiyyətliliyə səbəb olub. Apasport.az saytının məlumatına görə, bu turadək yalnız iki oyunçu arxada qalan 22 turu əvəzolunmadan keçirmişdi.

 

Lakin “Qəbələ” ilə səfər oyununda Lukas Sapelanın seriyası qırılıb. “Rəvan”ın polşalı qapıçısı qırmızı vərəqə almaqla, mövsümdə 23-cü 90 dəqiqəni tamamlayan bilməyib. Bunun nəticəsində son oyunlaradək Lukasa şərik olan Yure Travner mütləq rekordçu olub. “Bakı”nın sloveniyalı legioneri 23 turda 2070 dəqiqə meydanda olan yeganə futbolçudur.

 

Qeyd edək ki, mövsümün ilk 18 turundan sonra 4 belə oyunçu var idi. Onlardan ikisi “Simurq”un əsas simalarından olan Pavel Kapsa ilə Anderson Oliveyra “İnter”lə XXI turun oyununu buraxdığı üçün “dördlüy”ü tərk etmişdi. Onlardan iki tur sonra isə Sapelanın qarşısında “qırmızı işıq” yandı. Amma Travnerin əvəzolunmazlığını mövsümün sonunadək qoruması da şübhə doğurur. Çünki hesabında 3 sarı vərəqə olan müdafiəçinin qarşıdakı 12 turda 1 dəfə xəbərdarlıq alması cəzalı duruma düşməsi ilə nəticələnəcək.