“Bu cür şərait yaradılan bir ölkənin milli komandasının 139-cu pillədə olması xoşagəlməz haldı”. Bunu apasport.az saytına milli komandamızın sabiq baş məşqçisi Əsgər Abdullayev deyib.
FİFA-nın mart ayı üçün açıqladığı yeni reytinq cədvəlində Azərbaycan yığmasının 139-cu yerdə qərarlaşmasına üzülən Abdullayev buna münasibət bildirib: “Əgər söhbət ölkə futbolundan gedirsə, hər şeyi baş məşqçinin üstünə atmaq doğru olmaz. Bu, hamımız üçün mənfi haldı. Reytinq elə bir şeydi ki, komandalar göstərdikləri nəticələrə görə sıralanırlar. Biz gərək yaxşı nəticə əldə edə bilək ki, yüksək yerlərdə olaq. Hazırkı yerimiz də göstərdiyimiz nəticəyə görə müəyyən edilib. Yığmamız əslində daha yaxşı yerlərdə olmalıdı. Hər bir şərait varsa, millimiz niyə də ilk “100-lük”yə düşməsin?”
Qeyd edək ki, yığma komandamız fevral ayı ilə müqayisədə FİFA reytinqində 8 pillə geriləyib.
Rəvan ƏKBƏR