Yorucu və sonluğu yaxşı bitən Palermo səfəri
08.10.2014 - 23:38
Yorucu və sonluğu yaxşı bitən Palermo səfəri

Milli komandamızın İtaliya və Xorvatiya ilə seçmə mərhələ oyunlarını işıqlandırmaq üçün mən də apasport.az saytından bu ölkələrə ezam olunan KİV nümayəndələri arasında idim. Təxminən 10-a yaxın jurnalist və 25-30 nəfər azarkeş heyəti ilə saat 08:15-də Bakıdan Frankfurta uçmalıydıq.

 

Bizi aparacaq təyyarə Çexiya Hava Yollarına məxsus uçaq idi. O bizi Frankfurtdan sonra Palermoya aparmalı idi. Öncədən qeyd edim ki, təyyarədə azarkeşlər arasında Bəhram Bağırzadə, xüsusi qonaqlar arasında isə AFFA İcraiyyə Komitəsinin üzvləri – Mirkamil Rəhimovla İsgəndər Cavadov da vardı. Bu dəfə Cavadov qardaşı oğlu Vaqifsiz yığmanı izləməyə yollanırdı...

 

Təyyarəmiz bir az gecikmə ilə Frankfurta yol aldı. 5,5 saatlıq yolçuluqdan sonra Almaniyanın Mayn çayı üzərində olan şəhərinə çatdıq. Çarter reysinə olan biletlərimizi Frankfurt hava limanında aldıqdan sonra yollandıq təyyarənin göyərtəsinə tərəf. Burda 5 gündür ki, Frankfurtda fiziki hazırrlıq keçmiş milli komanda və AFFA-nın baş katibi Elxan Məmmədov bizi gözləyirdi. Ancaq təyyarənin göyərtəsinə qalxmaq üçün təxminən saatyarım gözləməli olduq. Sonradan gecikmənin almaniyalı hava limanı işçilərinin səhvi ucbatından yarandığı aşkara çıxdı.

 

Hər halda 2,5 saatlıq müddəti özündə ehtiva edən Frankfurtdan Palermoya olan yolçuluq sonunda baş tutdu. Ancaq bizim əsas problemlərimiz bundan sonra baş tutdu. Yenə də səhvdə hava limanı işçiləri rol oynadı. Belə ki, Palermoya çatdıqdan sonra milli komanda birbaşa məskunlaşacağı “NH” otelinə yollandı. Bu müddətdə bütün baqajlar səhvən həmin avtobusa yükləndi. Sonradan bütün yüklərin milli komandaya məxsus olmadığı bildirilincə, baqajların bəzisi geri qaytarıldı. Ancaq yenə də həmkarlarımızdan bəziləri və bizimlə gəlmiş bəzi şəxslər baqajlarından müvəqqəti də olsa məhrum oldu...

 

Bununla belə, AFFA-nın İctimaiyyət və İnformasiyalar üzrə Departamentinin rəisi Mikayıl Nərimanoğlunun göstərişi ilə millinin qaldığı otelə gətirilmiş jurnalistlərin baqajları az sonra bizim məskunlaşdığımız “İbis Stayl”a avtobusla göndərildi. Mən isə “İdman Azərbaycan” telekanalının rəhbəri Elsevər Dünyamalıyevlə birgə olduğum taksi ilə otelə gedərkən işlədəcəyim netbukdan az qala məhrum olacaqdım. Amma Palermo hava limanına zəng vurduqdan sonra məsələ yoluna qoyuldu. Belə ki, taksi sürücüsü arxa oturacaqda qalmış netbukumu sağ-salamat özümə qaytardı.

 

Beləliklə, bir qədər yorucu, amma sonluğu yaxşı bitən ilk günümüz axşam yeməyində buluşub oteldə istirahətə çəkilməklə yekunlaşdı...

 

Səbuhi TOFİQOĞLU

Bakı – Frankfurt - Palermo

0