Yoxlama oyunlarında 10-cu, Prosineçki ilə 1-ci
08.06.2015 - 00:30
Yoxlama oyunlarında 10-cu, Prosineçki ilə 1-ci

Azərbaycan millisi tarixində 42-cı dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, Avstriyada Serbiya ilə keçirilən yoldaşlıq matçında 1:4 hesabı ilə yenilən yığmamız əvvəlki 212 görüşdə 41 acınacaqlı məğlubiyyət almışdı.

 

Bu yenilgi baş məşqçi postunda 2-ci matçını keçirən xorvatiyalı Robert Prosineçkinin ilk məğlubiyyəti olub. Həm də o, 1-ci dəfə böyükhesablı məğlubiyyətə üzülüb.

 

Ümumilikdə, 23 illik tarixi olan milli komandamızda indiyədək 4 çalışdırıcı böyük hesabla yenilməyib. Bunlar Ələkbər Məmmədov, Nazim Süleymanov, Mahmud Qurbanov və makedoniyalı Qyoko Hacıyevskidi.

 

Məmmədov yığmanı 4, Hacıyevski 3, Süleymanovla Qurbanov 1 oyuna çıxardığı üçün böyük hesabla uduzmağın acısını görməyib.

 

Bu göstəricidə antirekord Foqtsa məxsusdu – 9 dəfə.

 

Şahin Diniyev, Vaqif Sadıqov, Ağasəlim Mircavadov və Əhməd Ələsgərov hərəyə 5, Kazbek Tuayev 4, Karlos Alberto Torres, İqor Ponomaryov və Əsgər Abdullayev 3 belə məğlubiyyət görüb.

 

Mircavadovla Tuayevin hərəsinin hesabında olan bir ağır məğlubiyyət millini şərikli çalışdırdıqları Malta ilə qarşılaşmaya (0:5) təsadüf edib.

 

Prosineçki yığmamızda ağır məğlubiyyətə üzülən 10-cü mütəxəssis olub.

 

42 böyükhesablı yenilginin 32-ni seçmə oyunlarda alan milli yoldaşlıq görüşlərində 10-cu dəfə üzüntü yaşayıb.

 

Milli komanda tarixi ərzində 27 yığmaya belə uduzub. İndiyədək Azərbaycanı ən çox böyük hesabla yenən Polşa, Rumıniya, Portuqaliya və Macarıstan yığmalarıdı – hərəyə 3 dəfə.

 

2007-ci ildə Bakıda 6:1 hesablı qələbəyə sevinən serbiyalılar yığmamıza 2-ci ağır yenilgini yaşatmaqla Belçika, Almaniya, Avstriya, Finlandiya, Slovakiya və Maltaya çatıb.

 

Rusiya, Fransa, İtaliya, Uels, Norveç, İsveç, Türkiyə, İsveçrə, Makedoniya, İspaniya, Bolqarıstan, İsrail, Ukrayna, Gürcüstan, Xorvatiya və Özbəkistan hərəyə 1 dəfə komandamızı böyük hesabla məğlub edib.