Yubiley iştirakçıları: Droqbanın komandası
09.05.2014 - 23:00
Yubiley iştirakçıları: Droqbanın komandası

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 33 gün qalıb. Apasport.az saytı Braziliyanın yaşıl meydanlarında baş tutacaq yubiley – XX mundialın iştirakçılarının təqdimatını Fil Dişi Sahili yığması ilə davam etdirir. Daha çox Didye Droqbanın komandası kimi tanınan Afrika təmsilçisi C qrupunda Kolumbiya, Yunanıstan və Yaponiya ilə mübarizə aparacaq.

 

Ardıcıl 3-cü dəfə mundiala qatılacaq “fillər” indiyədək heç bir uğur qazana bilməyib. Hər iki cəhdində qrupda qalan afrikalılar 3-cü sınaqdan üzüağ çıxmağa ümidlidir. Bunun üçün onların əsası da var. Çünki aşkar favoriti və autsayderi bilinməyən qrupdan çıxmaq mümkünsüz deyil. 4 il əvvəl CAR-da 4 xalla qrup üçüncüsü olan Droqba və komanda yoldaşları əfsanəvi afrikalının son mundailında nəsə etmək iddiasındadır.

 

Baş məşqçi Sabri Lyamuşinin yetirmələri seçmə mərhələni məğlubiyyətsiz başa vurmağı bacarmışdı. Pley-offda Seneqalla görüşən “fillər” rəqibini ümumi hesabda məğlub etmişdi – 4:2.

 

Fil Dişi Sahili futbolu son illər sürətlə inkişaf edir. Bunun əsas səbəbi də Avropa klublarına axının sürətlənməsidir. Köhnə qitəyə üz tutanların çoxu ulduza çevrilməklə həmyerlilərinə tələbatı artırır. Elə Droqba misalı buna kifayətdir.

 

İndiyədək qrupdan çıxa bilməyən afrikalılar hər iki halda 2 nəhəngin yer aldığı “dördlük”də mübarizə aparıb. 2006-cı ildə Argentina və Hollandiya, 4 il əvvəl isə Braziliya ilə Portuqaliya “fillər”i 1/8 finala buraxmayıb. Lyamuşinin ən böyük problemi komandadakı ulduzların çoxunun 30 yaşı arxada qoymasıdır. Üstəlik, bu tanınmış simalarla gənclər arasında sintez yaratmaq da asan olmayan işlərdəndir. Elə baş məşqçinin özü də təcrübəsi ilə öyünə biləcək səviyyədə deyil.

 

Droqbanın kapitanı olduğu yığmada kifayət qədər ulduz var. “Mançester Siti”də top qovan Yay Ture, “Roma”da özünü yaxşı tərəfdən göstərən Jervinyo da sözünü demiş oyunçulardandır.

 

“Fillər”in qapısını 34 yaşlı Kopa qoruyur. Müdafiənin mərkəzində Kolo Ture ilə Bamba, cinahlarında isə Boka ilə Orye yer alıb. Lakin Anqua və Viera kimi oyunçular da Bambanın yerinə meydana çıxmağa hazırdır. Elə Emanuel Ebue də komandasının gücünə güc qatacaq səviyyədədir. Orta sahədə Romarik, Zokara, və Yaya Ture “üçlüy”ü yer alır. Cinah hücumçuları kimi Kalu və Jervinyonun çıxış etdiyi Fil Dişi Sahili yığmasının əsas qol silahı Droqbadır. “Qalatasaray”ın forvardına conahlardan Boni, Syo, Qradel, Seydu Dumbia və Lasina Traore də dəstək verə bilər.

 

Qeyd edək ki, afrikalılar iyunun 14-də Yaponiya, 19-da Kolumbiya, 24-də Yunanıstanla görüşəcək.