“Dnepr”lə oyun “Qarabağ” üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin IV turunda Ukrayna klubuna uduzduğumuz (1:2) qarşılaşma bu turnirdə 40-cı matç kimi tarixə düşüb.
Çempionlar Liqası, Kuboklar kuboku və İntertoto kuboku yarışlarının hərəsində 4 oyun keçirən ağdamlılar qitənin ikinci dərəcəli klub turnirində 39 matça çıxıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüşədək “Qarabağ” əvvəl UEFA kuboku, 2009-cu ildən Avropa Liqası adlanan turnirdə 16 qələbə qazanıb.
Hesabında 11 heç-heçə olan Azərbaycan çempionu bu matç da daxil olmaqla, 13 dəfə meydanı başıaşağı tərk edib. Bu qarşılaşmalarda təmsilçimiz 42 qol vurub, 47-sini buraxıb.
“Qarabağ” bu yarışda 1997/98 mövsümündə debüt edib. I təsnifat mərhələsinin 1997-ci il iyulun 23-də baş tutan matçında təmsilçimiz Çexiyanın “Yablonets” klubu ilə görüşüb. UEFA kubokundakı səfər matçı 0:5 hesablı məğlubiyyətlə başa çatıb.
Qeyd edək ki, “Dnepr”lə matç “Qarabağ” üçün həm də 2014/15 mövsümündə 10-cu avrokubok görüşü olub.