[b]Yunis Hüseynov: Qayıtsa, lap yaxşı olar[/b]
05.01.2016 - 13:14
[b]Yunis Hüseynov: Qayıtsa, lap yaxşı olar[/b]

“Bu gün klub prezidenti Mais Mənsimovla görüşümüz olacaq. Həmin görüşdə ikinci yarı ilə bağlı hədəflərimizi və hazırlıq planlarımızı müəyyənləşdirəcəyik”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

 

Qarşıya qoyulacaq hədəf nə olursa-olsun, postunda qalacağını bildirən Hüseynov görüş zamanı həm transfer məsələləri, həm də qış təlim-məşq toplanışının proqramını müzakirə edəcəklərini söyləyib.

 

Məhz bu səbəbdən bu gün toplanmalı olan komandanın hazırlıq planında dəyişiklik edilib: “Toplanışa nə vaxt başlayacağımız bu gün dəqiqləşəcək. Yəqin ki, 2-3 günə məşqlərə start veriləcək”.

 

Cənub klubunun çalışdırıcısı qış fasiləsi zamanı əsasən yerli oyunçularla heyəti gücləndirməyə çalışacaqlarını əlavə edib: “Transferlər olacaq. Ancaq yerli futbolçularla güclənməyi düşünürük. Etiraf edək ki, milli səviyyəsində oyunçu gətirmək hazırkı vəziyyətdə mümkün deyil. Çünki hamısının klubu ilə müqavilə müddəti davam edir. Boşda belə bir futbolçu olsa, məmnuniyyətlə heyətə cəlb edərik. Amma hazırda yoxdu. Baxışa gələcək oyunçular olacaq. Ola bilsin ki, 1-2 əcnəbi futbolçu da gətirdik. Bugünkü görüşdə bununla bağlı bir qərar veriləcək”.

 

Qapıçı Orxan Sadıqlını geri qaytaran “Xəzər Lənkəran”da müdafiəçi Rasim Ramaldanovun də dönüşü gözlənilir. Baş məşqçi də milli üzvünün qayıtmasının tərəfdarıdı: “Açığı, Rasim Ramaldanovla bu barədə danışmamışam. Amma qayıtsa, lap yaxşı olar. Çox istərdim komandaya qayıtsın”.

 

Ruslan SADIQOV