Həyatda sözü bütöv olan insanlara həmişə yaxşı baxılıb. Çünki onların cəmiyyətdəki mövqeyi əvvəldən necə olubsa, sonadək də dəyişməz qalır.
Çox təəssüf ki, zəmanəmizdə sözü bütöv olmayan insanlar kifayət qədərdi. Belə insanlar zamanın axarından, hadisələrin gedişatından asılı olaraq, mövqeyini gündə bir neçə dəfə dəyişə bilir. Hətta el arasında belələrinə “zəmanə adamı” da deyirlər.
Həmin adamlar gözləyir ki, vəziyyət bir az dəyişsin, dərhal öz “haqq səsləri”ni çıxartsınlar. Nəyin naminə, kimin naminə belə edirlər sualının arxasında isə vəzifə davası durur.
AFFA-da da belə insanlara rast gəlmək mümkündü. Yuxarıda qeyd etdiyimiz səciyyəvi xüsusiyyətlərin böyük hissəsi məşhur veteranımız İsgəndər Cavadovun simasında təmərküzləşib. Bəli, söhbət AFFA İcraiyyə Komitəsinin daimi üzvlərindən olan İsgəndər bəydən gedir.
...Saytımızın əməkdaşına Bakıdakı hava limanında millimizin İtaliya və Xorvatiya ilə seçmə oyunlarından sonra danışa biləcəyini bildirən Cavadovun niyyəti öncədən bəlli idi. Yığma haqqında pis danışar, birdən komanda qalib gələrsə, çətin vəziyyətdə qalan da o olar.
“Ən yaxşısı susqunluğu qorumaqdı” - deyən Cavadov elə ki yığmamız Xorvatiyaya böyük hesabla uduzdu, başladı səsini çıxartmağa. İnsafən Berti Foqts haqqında dedikləri düz idi. Amma onun jurnalistlərə müsahibəsində anlamadığımız başqa şey vardı.
Budəfəki anlaşılmazlıq onun rus dili kimi azərbaycanca səlis danışmamağı ilə bağlı deyildi. Anlaşılmazlıq İsgəndər bəyin Foqtsu tənqid edərkən, birdən-birə “AFFA-da rəhbərlik dəyişməlidi” deməsi, klublarda rəhbərlərin futbol adamları olmamasını vurğulaması idi.
Aqil insanlar o dəqiqə anlayar ki, burda məqsəd nədi. Foqtsla bağlı verilən sualda sən rəhbərlik mövzusuna toxunursansa, bu o deməkdi ki, AFFA-nın yuxarı dairələrində kiminsə işdən çıxıb onun yerinə təyin olunmasında maraq var. Bu da olmasa, hər hansısa bir klubun rəhbər postunda işləmək heç də pis olmazdı. Onsuz da kiminsə işinə göz dikmə halları bizdə dədə-babadan olub.
“Kimləri nəzərdə tutursunuz” (əslində, kimləri nəzərdə tutduğu gün kimi aydındı) sualına cavab vermək istəməyən Cavadovun sözünə diqqət: Onlar özləri bunu yaxşı bilir. Əslində, bu cavabın arxasında da özünü pis etdirməmək məqsədi güdülür. Birdən Foqts getməz, sonra AFFA rəhbərliyi bütün diqqətini bu cümləyə görə İsgəndər bəyin üzərində cəmləndirər, yenə pis vəziyyətdə qalan o olar.
Foqtsla müqavilənin müddətinin uzadılmasına elə-belə səs verdiyini, onsuz da onun səsi ilə heç nəyin dəyişməyəcəyini bildirən Vaqif Cavadovun dost-doğma əmisi burda da iradəsini əks etdirmək gücündə olmadığını nümayiş etdirib. AFFA prezidenti Rövnəq Abdullayevə Foqtsun xeyir verməyəcəyini bildirib, sonra almana səs vermək arasındakı təzaddan ancaq bir şey doğur: iradəsizlik!
İndi iradəli İsgəndər Cavadov o adama deyərik ki, Foqtsun qalmamağını sonadək istəsin. Yox, dünən “Foqts getsin”, bu gün “Foqts qalsın” deyəcəksə, elə onun özü AFFA İcraiyyə Komitəsində tutduğu yerlərdən birini boşaltmağa məhkumdur!