“Yuventus”a səfərdə 3 cavabsız qol vurmaq asan deyil. Mükəmməl oyun göstərdik, amma rəqib də yaxşı çıxış etdi. Bizi təzyiq altında saxlayıb qapımız önündə xeyli qol epizodları yaratdılar. Buna baxmayaraq, son nöqtəni qoymaqda çətinlik çəkirdilər. Təbii ki, bu gün qeydə alınan nəticədən razı deyillər. Lakin bu komanda daim qəlbimdədi”. Apasport.az xəbər verir ki, bu sözləri Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan deyib.
Fransalı çalışdırıcı Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Yuventus”la keçirilən oyunda 2 qol vuran Kriştianu Ronaldonu xeyli tərifləyib: “O, hər kəsdən fərqli futbolçudu. Çempionlar Liqasında qeyri-adi motivasiyaya sahib olur. Onun kimi hücumçuya sahib olduğumuz üçün çox şanslıyıq”.
46 yaşlı mütəxəssis Ronaldonun akrobatik zərbə ilə vurduğu qolu özünün Çempionlar Liqasının finalında Leverkuzen “Bayer”i ilə matçdakı qolu ilə müqayisə edib: “Möhtəşəm qol idi. Belə qollar vurmaq hər kəsin bacaracağı bir iş deyil. Ancaq müqayisə aparsaq, mənim vurduğum qol daha baxımlı idi”.
Qeyd edək ki, “Real” və “Yuventus” arasında cavab qarşılaşması aprelin 11-də keçiriləcək.