Braziliya millisinin müdafiəçisi Daniel Alveş ölkəsində keçiriləcək dünya çempionatının favoritinin İspaniya olduğunu bildirib. Apasport.az xəbər verir ki, o, son dünya çempionlarının bu titulu qoruyacaqlarını düşünür: “İspaniya DÇ-2014-ün favoritidir. Onlar titullarını qorumağa çalışacaqlar. İspaniya və Almaniyanın oyun tərzini bəyənirəm. Heyətlərində çox güclü futbolçular var”.
Alveş Zlatan İbrahimoviçin komandasının mundiala vəsiqə qazana bilməməsinə üzüldüyünü deyib: “İbranın burada olmasını çox istərdim. İsveç bacarmadı və bura gəlmək onlara qismət olmadı. İbrahimoviç istərsə, onu qonaq edə bilərəm. Onsuz da Zlatana zəng vurub, Braziliyaya dəvət etmişəm”.
Ulduz müdafiəçi DÇ-nin finalında Argentina ilə qarşılaşmaq istədiklərini bildirib: “Bu çempionata qələbə ilə başlamaq çox önəmlidir. Ümid edirəm ki, finalda Argentina ilə üz-üzə gələcəyik. Əzəli rəqibimizə qarşı oynayıb kuboku qazanmaq möhtəşəm olar”.