Təlim-məşq toplanışını Bakıda keçən “Zirə” transfer çalışmalarını da davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, heyətdə “təmizləmə işləri”nə yekun vurulub.
Son olaraq hücumçu Riçard Qadze ilə yollar ayrılıb. Bakılılar qanalı forvardın sözləşməsini uzatmaq hüququna malik olsalar da, buna ehtiyac duymayıblar. Müdafiəçi Jozef Bumla bağlı vəziyyət isə fərqlidi. Onun sözləşməsinin avtomatik olaraq uzadılmasına baxmayaraq, kamerunlu futbolçu hələ də düşərgəyə qoşulmayıb. “Zirə” rəhbərliyi 29 yaşlı müdafiəçiyə xəbərdarlıq edib. Bum komandaya qayıtmasa, Azərbaycan klubu FİFA-ya şikayət edəcək. Üstəlik, müqavilə ilə “Zirə”yə məxsus olduğundan, başqa kluba keçmək üçün bakılılara təzminat ödəməli olacaq.
Həmçinin transfer çalışmalarını da sürətləndirən “Zirə” 5 əcnəbi futbolçu heyətinə qatmağı planlaşdırır. Siyahıda çox sayda ad olsa da, onlardan 5-i ilə müqavilə bağlanacaq. Danışıqlar aparılan futbolçular Türkiyə toplanışı zamanı komandaya qoşulacaq və baxışdan keçəcəklər.
Qeyd edək ki, iyulun 17-də Türkiyəyə təlim-məşq toplanışına yollanacaq “Zirə” qonşu ölkədə 4 yoxlama görüşü keçirəcək.