[b]DÇ-2018-in Azərbaycandakı nümayəndələri: Həmişə favoritlər sırasında olmuşuq[/b]
13.06.2018 - 11:53
[b]DÇ-2018-in Azərbaycandakı nümayəndələri: Həmişə favoritlər sırasında olmuşuq[/b]

Sabah startı veriləcək dünya çempionatına Azərbaycanda da maraq böyükdü. Apasport.az saytının məlumatına görə, təkcə azarkeşlər sevimli komandalarını yox, bəzi futbolçular da öz ölkələrinin yığmalarını dəstəkləyəcəklər.

Mundialda mübarizə aparacaq 32 yığmanın bəzisinin Azərbaycanda da nümayəndəsi var. Belə ki, ötən mövsüm Topaz Premyer Liqasında çıxış etmiş 41 oyunçunun ölkəsi dünyanın ən nüfuzlu turnirində təmsil olunacaq.

Onlar isə 11 fərqli ölkəni təmsil ediblər. Biz də həmin futbolçular arasında hər ölkənin bir nümayəndəsindən yığma komandasının mundialdakı şansları barədə fakir öyrənmişik. Yalnız “Kəpəz”də oynamış seneqallı Ba Mansur Aladji və “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak sorğumuzu cavablandırmayıb.

Digər 9 futbolçunun fikirləri belədi:

 

Dani Kintana – İspaniya

Məncə, maraqlı mundial olacaq. Favoritlər də dəyişməzdi. Almaniya, İspaniya, Braziliya, Argentina və digərləri. Bunların arasında Braziliyanı xüsusi qeyd edərdim. Hər xətdə güclü oyuncular ve liderləri var. Belçika yıgması isə turnirin sürprizi ola bilər. Onlar da yüksək səviyyəli futbolçulara və əla komandaya malikdilər. O ki qaldı İspaniyaya, son dünya çempionatı ilə müqayisədə daha yaxşı çıxış edəcəklərinə əminəm. Çoxlu yeni oyuncular cəlb edilib, nəsil dəyişilikliyi baş verib. Gənc futbolçularımızın çox istəkli olması və onlarla vəhdət təşkil edəcək Serxio Ramos, David Silva, Andrey İnyesta və Jerar Pike kimi veteran oyunçuların təcrübəsi millimizi cox güclü rəqibə çevirəcək.

 

Denis Silva – Braziliya

Fikrimcə, komandamızın yaxşı şansları var. Uzun müddət idi ki, insanların böyük hörmət bəslədiyi futbolçulara sahib deyildik. Komandamızı dəstəkləyəcəm və ümid edirəm ki, dünya çempionatı bizim üçün əla alınacaq.

 

Baqali Dabo – Fransa

Fransanın dünya çempionu olmaq şansları çox böyükdü. Ümid edirəm ki, onlar bu imkanı dəyərləndirəcəklər.

 

Pərdis Fərcad-Azad – Almaniya

Almaniya həmişə favoritlər sırasında olub. Güclü heyətə malikdi. Şanslarını yüksək qiymətləndirirəm. İki bərabər səviyyəli heyəti meydana çıxarmaq gücündə olan komandadı.

 

Lukas Qomes – Argentina

Tarixə nəzər salsaq, görərik ki, Argentina millisi bütün dünya çemionatlarında çempionluğa namizədlər sırasında olub. İnanıram ki, komandamız builki mundialda yaxşı oyun nümayiş etdirərək, layiqli yerini tutacaq. Hər birimiz istəyirik ki, dünyanın bir nömrəli futbolçusu Lionel Messi, nəhayət, arzusuna çataraq, dünya kubokunu başı üzərinə qaldırsın.

 

Filip Ozobiç – Xorvatiya

Məncə, Xorvatiya qrup mərhələsindən də irəli gedəcək. Ondan sonra hər şey ola bilər. Ümid edirəm ki, komandamız yarımfinala qədər yüksələcək.

 

Viktor İqbekoyi - Nigeriya

Nigeriyalılar, eləcə də futbolçular millinin dünya çempionatında mübarizə aparacağına görə çox xoşbəxtdilər. Komandamız mundiala yollanmaq üçün çox çalışdı. Bizim Avropa və Asiya klublarında çıxış edən yaxşı futbolçularımız var. Ancaq çox çətin qrupa düşmüşük. Bununla belə, futbolçuların keyfiyyətlərini nəzərə alsaq, komandamız növbəti mərhələyə yüksələ bilər. Fikrimcə, dünya çempionatından əvvəl keçirilən yoldaşlıq görüşləri komandamıza müsbət təsir göstərəcək. Bütün futbolçular bunun ən mühüm turnir olduğunu dərk edirlər. Buna görə də, əllərindən gələnin ən yaxşısını etmək istəyəcəklər. Fikrimcə, ən yaxşı azarkeşlərdən biri də nigeriyalılardı. Onlar komandanı Rusiyada tək qoymayacaqlar.

 

Yovan Krneta – Serbiya

Həmişəki kimi, Serbiya millisi yaxşı heyətə malikdi. Futbolçularımız Avropanın top-5 liqalarında oynayırlar. Seçmə mərhələdə qrupu birinci pillədə tamamlamışıq. Dünya çempionatında isə güclü qrupda yer alacağıq. Hansı ki, həmin qrupda Braziliya kimi nəhəng yığma var. Ancaq qrup səddini aşacağımıza inanıram.

 

Mayk Kampaz – Kolumbiya

Dünya çempionluğunu qazanmağa 5-6 namizəddən birinin Kolumbiya millisi olduğunu demək olar. Çünki artıq neçə müddətdi bu istiqamətdə ciddi işlər gedir. Seçmə mərhələdə göstərdiyi oyunları nəzərə alsaq, Kolumbiya yığmasının bu mundialda asan təslim olmayacağını düşünmək olar. Həm də unutmayaq ki, millinin üzvləri artıq neçə ildi bir yerdə oynayırlar və meydanda bir-birlərini çox gözəl başa düşürlər. Komandanın Radamel Falkao və Hames Rodriges kimi aparıcı üzvləri var. Rəqiblərin güclü olmasına baxmayaraq, hesab edirəm ki, sonda sevinən tərəf məhz Kolumbiya olacaq.

 

Qeyd: Pərdis Fərcad-Azad milliləşdirilərək Azərbaycan yığmasına dəvət edilsə də, Almaniya futbolunun yetirməsidi.

 

Ruslan SADIQOV

0