13 Dekabr 11:00 “Altınordu”nu “Beşiktaş”dan üstün sayan  Məmməd
FUTBOL xəbərləri 13 Dekabr 11:00
4486 baxış

“Altınordu”nu “Beşiktaş”dan üstün sayan Məmməd

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına baş məşqçi təyin olunan Vüqar Məmməd 2010-cu ildən AFFA ilə əməkdaşlıq edir. Apasport.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis indiyə qədər müxtəlif yaş qrupu yığmalarında fəaliyyət göstərib.

 

Zəngin futbolçu karyerası olmayan Məmməd 1995-2006-cı illər aralığında müxtəlif komandalarda çıxış edib. Onun formasını geyindiyi komandalardan yalnız “Neftçi” hazırda Premyer Liqada mübarizə aparır. MOİK I divizionda mübarizə aparırsa, “Bakı”, “Şahdağ”, “ANS-Pivani”, “Ədliyyə” və “Bakılı” komandaları dağılıb.

 

U-19-un yeni çalışdırıcısı məşqçiliyə 2006-cı ildə “Şərur”da köməkçisi-məşqçi olaraq başlayıb. Rusiyanın “Leki” (2007-2009) komandasında, eyni zamanda “Avanqard”da (2009-2010) məşqçi, Olimpiya Ehtiyat Futbol məktəbində (2010-2011) seleksiyaçı-məşqçi vəzifəsində işləmiş Vüqar Məmməd ardından AFFA-nın dəvəti ilə müxtəlif yığmalarda çalışmağa başlayıb.

 

2010-2011-ci illərdə U-16, 2011-2013-cü illərdə U-17, 2013-2014-cü illərdə U-15, 2014-2015-ci illərdə yenidən U-16-da baş məşqçiyə yardım etmiş gənc mütəxəssis 2015-ci ilin yanvar-avqust aylarında U-17-də köməkçilik etdikdən sonra növbəti 3 ayda müvəqqəti baş məşqçi funksiyasını yerinə yetirib.

 

Ötən ilin noyabrında U-15 və U-16-nın baş məşqçisi təyin olunan Məmmədin yolu klublarla da kəsişib. Belə ki, o, yığmalarla paralel olaraq, AZAL-ın (2013-2015) və “Neftçi”nin (2015-2016) futbol akademiyasında koordinator kimi işləyib. 2011-2013-cü illərdə Elit Məşq layihəsi çərçivəsində seleksiyacı məşqçi olan Vüqar Məmməd 2009-cu ildə “C” və UEFA-nın “B” kateqoriyalı, 2011-ci ildə isə UEFA-nın “A” kateqoriyalı məşqçi lisenziyasına yiyələnib.

 

U-19 millimizin yeni çalışdırıcısı bu ilin yayında Türkiyənin aşağı liqa təmsilçisi “Altınordu” klubunun akademiyasına baş çəkib. Maraqlıdı ki, “Trabzonspor” və “Beşiktaş”ın da akademiyasında olan Vüqar Məmməd məhz “Altınordu”nun iş prinsipini bəyənib və I liqa komandasının modelini Azərbaycanda tətbiq edəcəklərini vurğulayıb.

 

Xəbər lenti

Xəbər lenti