[b]Azarkeşlər “Neftçi” rəhbərliyinə: Kişilikləri varsa, desinlər ki, bizlik deyil![/b]
20.07.2018 - 11:20
[b]Azarkeşlər “Neftçi” rəhbərliyinə: Kişilikləri varsa, desinlər ki, bizlik deyil![/b]

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”ə 0:4 hesablı məğlubiyyəti klubun azarkeşlərini yenidən özündən çıxarıb. Apasport.az saytı xəbər verir ki, fanatlar “Neftchi Baku [Fan Page]” feysbuk səhifəsində öz iradlarını sərt şəkildə bildiriblər.

 

Əksəriyyət məğlubiyyətin əsas səbəbkarı qismində baş məşqçi Roberto Bordini deyil, prezident Kamran Quliyevi göstərib. Səhifənin admini qarşılaşmadan sonra ironiyalı cümlələrlə fikrini çatdırıb: “Bu məğlubiyyətə görə bütün komandadan, başda Kamran Quliyev, Ceyhun Sultanov olmaqla, Roberto Bordin və bütün oyunçulardan üzr istəyirik. Məğlubiyyətdə günahkar bizik, çünki sizə inanmaqla, dəstək olmaqla qiymətinizdən çox dəyər verdik”.

 

Fanatlardan biri ekranı qırılmış bahalı telefon şəklini paylaşaraq, hirsini necə çıxdığını göstərib: “Bu görüntüdə minlərlə “Neftçi”linin əsəbi, stressi, aqressiyası var”.

 

Kimisi yuxusuz gecələrinin, kimisi yayda-qışda oyunlara gedərək çəkdiyi əziyyətin, kimisi də havaya sovrulan pulların haqqını tələb edir. Azərbaycanın ən köklü klubunun tarixini ləkələməkdə günahlandırılan rəhbərliyi sadiq fanatlar istefaya səsləyiblər. “Tərlanın “Getsin”inə səs verən klub “rəhbəri” hardadı? İndi səsvermə aparın, Kamran “müəllim özünə “Getsin”ə səs versin və getsin”, - yazan kim, “haramınız olsun o pullar ki, belə oyuna görə alacaqsınız” fikrini səsləndirən kim.

 

Azarkeşlər bu uğursuzluqda məsuliyyəti prezident Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovun daşıdığını düşünürlər. Hətta çempionat oyunlarını boykot etməklə də hədələyirlər: “Kişilikləri varsa, çıxıb desinlər ki, bizlik deyil, gedirik. 0:4 onu göstərir ki, burda heç nə etməmisiniz. Bir il oturub, sizin mənasız oyunlarınıza baxmayacağıq. Hamısı getməlidi. Ar olsun sizin kimi insanlara”.

 

Yay transferlərini də tənqid edən “Neftçi”sevərlər rəhbərliyi pul yeyintisində ittiham edib. Fikrət Abdul adlı azarkeş düşünür ki, rəhbərlik futbolçularla 2 müqavilə bağlayır: “Həmin müqavilənin biri klubun sahibinə təqdim olunur. Hesabatda göstərirlər ki, bu qədər pul veririk. Futbolçu ilə başqa müqavilə də bağlayırlar. Yəni 120 minin 60 mini futbolçuya, 60 mini rəhbərliyin cibinə gedir. Bəs niyə Tərlanla davam etmədilər? Çünki Tərlan dedi ki, transferləri mən edəcəm. Bu isə rəhbərliyə sərf eləmirdi. Əsl “Neftçi”liləri klubdan didərgin salanda belə də olacaqdı. Tərlan Əhmədova haqsızlıq elədiz, Kamal Quliyevə şər ataraq uzaqlaşdırırsız. Transferləri özünüz edib, pul qazanırsız. Haram iş görəndə belə də olacaq. Məgər Tərlan Əhmədov 0:4 uduza bilməzdi macarlara? Bunun üçün 300 min avroluq məşqçi lazım idi?”

 

Vüqar Bayramlı da uğursuz transferlərdən şikayətlənib: “Eeey, Kamran! Paratski, Braliç və Darionu transfer edəndə utanmadın? Tərlanı qovub, bu səviyyəsizi gətirəndə utanmadın? Və bir də “Sumqayıt”dan “Neftçi”yə gələndə utanmadın?”

 

Elçin Zellabdinov isə bu cür oyunla təmsilçimizin “Sevilya”ya rəqib olmamasına sevindiyini yazıb: “Rəhbərlik və onun gətirdiklərinin hamısını zibilliyə tullamaq lazımdı” deyəndə, heç kim mənə inanmırdı. Bəxtimiz gətirdi ki, uduzdular. Yoxsa “Sevilya” ən azı 10 qol vurardı və “Neftçi”miz tarixə biabırçılıqla düşərdi”.

 

0