[b]Dünyanın heyran qaldığı maestro, sakit, ancaq əsl lider – Xavinin İnyestaya vida məktubu[/b]
23.05.2018 - 14:39
[b]Dünyanın heyran qaldığı maestro, sakit, ancaq əsl lider – Xavinin İnyestaya vida məktubu[/b]

“Andresin oyununu ilk dəfə gördüyüm gün hələ də yadımdadı. Mən gənclərdən ibarət komandada oynayırdım, o isə azyaşlılarda. Klubdan biri mənə dedi: “Xavi, burada biri var, bu gedişlə ən yaxşılardan olacaq. Adı Andresdi, tərzi daha çox sənə oxşayır. Bir də Troyteryo var, o isə Mario Rosasa bənzəyir”.

 

Onun oyununu görəndə öz-özümə dedim: “Nə baş verir? Bu oğlan deyildiyi qədər də mənə bənzəmir. O, fərqlidi”.

 

Yaradıcılığına görə seçilirdi, driblinq qabiliyyətinə görə daha yaxşı idi, cinahlarda oynaya bilir, həmçinin içəriyə doğru asmalar göndərə bilirdi. Bu, mənim tərzimə yad bir şey idi, çünki mən daha çox bir zamanların Pepi və indiki Buskets kimi “dörd nömrə” oynayırdım. İnyesta isə 4, 8, 6, hətta “10 nömrə” kimi də oynaya bilirdi. Topu qəbul edərkən bədənindən o qədər yaxşı istifadə edirdi ki... Erkən yaşlardan etibarən bunun ustası idi.

 

Hər iki ayağını işlədə bilirdi. İndilərdə bu, bəsit görünə bilər, ancaq o zamanlar inqilabi bir şey hesab olunurdu. Topu sağ ayağı ilə qəbul edib, növbəti hərəkəti sol ilə edirdi. Ancaq məni ən çox təəccübləndirən topa heç toxunmadan, bədəni ilə ona yön verə bilmək qabiliyyəti idi.

 

Onun oyunu şouya bənzəyirdi. İnyestanı izləyəndə adamda elə bir təəssürat yaranır ki, sanki sənin düşüncələrini oxuyur və ona uyğun hərəkət edir. Digər tərəfdən də, etdikləri o qədər təbii görünürdü ki, başqalarının düşüncələrini oxuya bilmədiyindən əmin olurdun. Həmişə başı yuxarıda idi, bəlkə də, bu səbəbdən topu itirmirdi. İllər boyu Joan Vila ilə birlikdə üzərində işlədiyimiz, buna bənzər bir konsept var idi, ancaq onun timsalında meydanda gördüyümüz şey sırf İnyestaya məxsus idi. Tez-tez düşünürdüm: “Lənət olsun, bizdən 4 yaş kiçikdi, amma doğuşdan istedadı var”.

Oyununu izləmək imkanım olan futbolçulardan danışıram, mənə görə, Andres onların arasında İspaniya futbol tarixinin ən yaxşısıdı. İnanılmaz talanta sahibdi.

 

İnsani tərəflərindən danışsaq, vəziyyət daha da absurd forma alacaq. Hardan başlayacağımı bilmirəm, çünki o, hər yöndən heyranedici biridi. Yaxşı komanda oyunçusudu, əsl “vinner”di, meydanda liderlik edə bilir, anlayışlıdı, bir sözlə, örnək alınası insandı. Hə, bir də həmişə topla oynamaq istəyir. Görəsən, insanlar bunun nə anlama gəldiyini bilirlər? Oyunçuların əksəriyyəti topdan uzaq durmağa çalışdıqları halda, Andres topu istəyir.

 

Andres topu sevirdi. “Nə olar, onu mənə verməyin” – başqaları belə düşünərkən, Andres yaxınlaşıb, deyərdi: “Ötür, ötür onu mənə, elə indicə, xahiş edirəm”.

 

Komanda yoldaşları belə bir şəxsiyyətə, belə bir liderə sahib olduqları üçün şanslıdılar. Sakit, ancaq əsl lider...

 

Həyatım boyunca ötürmə verən biri olmuşam, ancaq Andres, Leo və Busi olmadan olmazdı. Siz mənim ən yaxşı partnyorlarım idiz. Vəziyyət nə qədər çıxılmaz olursa-olsun, onlar həmişə bir çıxış yolu təklif edirdilər. Necə olurdu, bilmirəm, ancaq İnyesta həmişə doğru anda ortaya çıxırdı. Meydanda danışmağımıza ehtiyac yox idi, harda olduğunu mənə demirdi, sadəcə, bilirdim. 10 ildən artıq müddət bir yerdə oynadığımız üçün buna heç gərək də yox idi. Onun bədən dili ən yaxşı ünsiyyət vasitəmiz idi. Bəzən matçların gedişində etdiklərini izləyib, təəccübümüzü gizlədə bilmirdik. Bir küncə sıxışdırırdılar, düşünürdün ki, ordan heç cür çıxmaq olmaz, amma o, bir yolunu tapıb, qurtulurdu.

 

Futbol oynayarkən onun üçün imkansız bir şey yox idi. Fintlər, ötürmələr, anidən sürətlənmək, təkcə meydanın mərkəzində yox, cinahlarda da özünü xoşbəxt hiss etməsi... – o, maestro idi, əsl maestro.

 

İnsanlar arasında belə bir düşüncə var ki, Andres fiziki baxımdan güclü deyil. Onun zərif və gücsüz olduğunu iddia edirlər. Bu, yanlışdı. Andres bədənindən istifadə edəndə müdafiəçilər topu ondan ala bilmirlər. O, həqiqətən də güclüdü, təkcə elə onun karyerası ərzində oynadığı matç sayına baxın, hər şeyi anlayacaqsız.

 

Onun iradəsini gözardı etmək olmaz. Çətin anlarda – insanların bilmədiyi çox belə hal var – güclü qala bilir. İllərlə ailəsindən uzaqda yaşamaq onun üçün çətin idi. Ancaq indi soruşsan, deyər ki, bütün fədakarlıqlara dəyərdi.

Kim bilə bilərdi ki, hadisələrin sonu belə olacaq? Heç kim zəmanət verə bilməzdi. Çox uzun yol idi. Normalda, bütün bu prosesin iflasla yekunlaşmaq ehtimalı böyük idi, ancaq o, iradəsi sayəsində bu günlərə gəldi.

 

Andresin özünün xüsusi bir qoruyucu mələyi var. Necəsini soruşmayın, çünki özüm də bilmirəm. Bu baxımdan İker Kasilyasa bənzəyir. Mən də daxil olmaqla, digərləri belə bir lüksa sahib deyillər. Onlar isə bu sayədə lazımi anda ortaya çıxıb, qələbə qoluna imza ata bilirlər, ya da həlledici qurtarış edirlər.

 

“Barselona” və İspaniya yığmasında bunların şahidi olmuşam. “Stemford Bric”də və Yohannesburqda olanlar yaxşı yadımdadı. Dünya çempionatında baş verənlərə nəzər salın, vaxtınız varsa, təkcə qolu yox, mundialın final matçını bir də başdan-sona təkrar izləyin. Onda Andresin nə etdiyini anlayacaqsız.

 

İnsanlar bəzən başqasının yox, niyə məhz Andresin o qolu vurduğunu soruşurlar. Başqası ola bilməzdi, belə bir şey etmək üçün, dediyim kimi, sırf sənə özəl bir qoruyucu mələyin olmalıdı. Andres isə bu imtiyaza sahibdi.

 

Andreslə birlikdə oyunumuzun alınmayacağını deyənləri də xatırlayıram. “Barselona” ətrafında debatlar qaçılmazdı. Ancaq mən daha çox onun bu söz-söhbətləri eşidib, narahat olmasına görə üzülürdüm. Həmişə demişəm ki, məni başa düşən partnyora ehtiyacım var.

 

Oyun tərzimin fiziki hazırlıqdan çox texniki keyfiyyətlərə əsaslandığı məlumdu. Təbii ki, fiziki baxımdan güclü oyunçular da önəmlidi, ancaq bir də Andresə, Busiyə və Leoya baxın. İnsanların “Barsa”nın əzələli futbolçuları transfer etməli olduğu haqda dediklərinə nifrət edirdim. Nə danışdıqlarını bilmirdilər. Yohan Kroyfun dediyi kimi, futbol oynamaq üçün lazım olan ən önəmli əzələ beyindi.

 

İkimizdə çox sakit olduğumuz üçün Andreslə bir-birimizi yaxşı başa düşürdük. Hər ikimizi içimizdəkiləri meydanda ortaya çıxarmağı sevirdik.

Klubun 3 yeni oyunçu ilə anlaşmaq planı var? Ok, 250 milyon pesetaya alınsalar belə, onlara, mübarizə aparacağımı və “Barselona” oyunçusu olduğumu sübut etməyə çalışacam – bu, gənc Andresin yanaşması idi. Eynisini Yaya Ture ilə əsas heyət uğrunda mübarizə aparan Busketsə də aid etmək olar. Bu düşüncə tərzinə sahib deyilsənsə, bacarmayacaqsan. İki seçim haqqın var: ya döyüş və sonda bizim kimi, çətinliklə olsa da, uğur qazan, ya da heç vaxt şans qazanmayacağına dair ümidsizliyə düş və iflasa uğra.

 

Cənubi Afrikadakı dünya çempionatından öncə Andresin başına gələnləri xatırlayıram. Məşq zamanı birdən Karles Puyolun “ola bilməəəz” deyə qışqırdığını eşitdik. İlk başda nə olduğunu anlamamışdım, sonra onu yerdə göz yaşları içərisində görəndə fərqinə vardım. Yenicə zədəsini sağaltmışdı. İnyestanın dünya çempionatında oynamayacağına dair şübhələr olsa da, sonda məhz qeyd etdiyim iradə hesabına mundiala yollandı.

 

“Barselona” “Şaxtyor”u Pedronun vurduğu qol sayəsində məğlub edib, UEFA Superkubokunu qazandığı zaman soyunub-geyinmə otağında danışılanları heç vaxt unutmayacam: “Andres, sən bizim üçün çox-çox önəmlisən. Bu formada gedə bilməzsən. “Barselona” sənsiz bacara bilməz. Həqiqətən də sənə ehtiyacımız var. Sənin olmamağın bizə baha başa gəlir. İnan bizə, Andres, çünki biz düzünü deyirik, sənə ehtiyacımız var”.

 

Son bir neçə ay ərzində bir neçə neqativ hadisə ilə üzləşmişdi. Andres çaşqınlıqdan nə edəcəyini bilmirdi. Ancaq ailəsinin dəstəyini də yanına aldıqdan sonra və təbii ki, güclü iradəsi sayəsində hər şeyi qaydasına qoya bildi.

 

Bəzən mənə elə gəlir ki, Andres İnyestanı sadəcə sözlərlə düzgün formada izah etmək olmaz. Bəzi şeyləri elə rahatlıqla edir ki, düşünürsən nə asan, mən də edə bilərəm. Ancaq əslində, bütün bunlar bir yalandan ibarətdi. Heç kim onun kimi edə bilməz. Meydan onun əsl kimliyinin üzə çıxdığı yerdi, meydan onun arealıdı.

Topdan uzaqdısa, deməli, xoşbəxt deyil. Onun yaxşı performansı ilə ön plana çıxmadığı bir dənə də olsun, “böyük oyun” xatırlamıram, çünki beləsi yoxdu.

 

Heç vaxt onu kiməsə səsini yüksəldərkən görməmişəm. Nədənsə şikayətlənəndə belə, bunu düzgün arqumentlərlə, hamıya qarşı hörmətlə davranaraq edirdi. Qışqır-bağır salmadan sadəcə öz istəklərini dilə gətirirdi. Bu, asan məsələ deyil, çünki hər oyunçunun eqosu var.

 

Çempionlar Liqasının 2005-06 mövsümünü xatırlayıram. Zədə səbəbindən oynaya bilmirdim, həm Lissabonda, həm də Milanda dayaq yarımmüdafiəçisi kimi meydana çıxaraq, bütün məsuliyyəti öz üzərinə götürmüşdü. İnanılmaz oynamışdı.

 

Finala çıxmışdıq, ancaq Raykard onu start heyətinə daxil etməmişdi. Puyolu görən kimi dedim: “Necə ola bilər ki, Andres oynamasın? Niyə Andres oynamır? O, heyətdə yoxdu...”

 

Puyol, sadəcə mənə baxdı və dilləndi: “Bilmirəm, bilmirəm”.

 

Əslində, heç kim nə baş verdiyini bilmirdi. Qərarı anlamaq olmurdu. Lissabonda və Milanda komandaya böyük töhfələr verən biri final matçında yox idi. Ancaq ikinci hissədə meydana çıxdıqdan sonra hər şey dəyişdi. Andres bizim üçün işləri qaydasına saldı. Larsson və Eto ilə birlikdə fərq yaratdılar. Təbii ki, daxilində çox əsəbi idi, buna rəğmən, ilk düşüncəsi komandaya kömək etməkdən ibarət idi.

 

Əsəbi olması bizim üçün daha faydalı olmasına yardımçı oldu. Bəlkə də, onun yerində başqa futbolçu olsaydı, olanları qəbul edib, ümidini üzər, qaş-qabağını sallayardı. O isə heç nə demədi, əvəzində, meydanda etdikləri ilə məşqçinin niyə səhvə yol verdiyini göstərdi. Bu, Andres idi.

 

Demək olar ki, elit futboldan uzağam. İndi-indi yüksək səviyyədə futbol oynamağın, “Barselona”nın təmsil etməyin nə anlama gəldiyini dərk edirəm. O da ayrıldıqdan sonra nə demək istədiyimi yaxşı başa düşəcək. Hər şeyi qazanmaqla yanaşı, bunu edərkən inanılmaz səviyyədə oynadı. Hamı hörmətini saxlayır və bütün dünya ona heyrandı.

 

Kimsə onun haqqında pis bir şey deyə bilməz, çünki nə kimisə təhqir edib, nə də belə bir jesti olub. İnyesta layiq olduğu formada komandadan ayrılır.

 

Dostum Andres, tezliklə futbol adına nələr etdiyinin fərqinə daha yaxşı varacaqsan”.

 

Tərcümə: Rüfət Məcid (Apasport.az)

0