[b]“Əliyar Ağayev cəzalandırıla bilər” – Xaqani Məmmədov[/b]
21.11.2017 - 12:00
[b]“Əliyar Ağayev cəzalandırıla bilər” – Xaqani Məmmədov[/b]

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XII turunda keçirilən “Neftçi” – “Qəbələ” (2:3) matçı ətrafında söz-söhbət səngimir. Əliyar Ağayevin həmin qarşılaşmadakı idarəçiliyi ürəyinizcə oldumu?

- Qısaca deyə bilərəm ki, hakimlik istədiyim kimi olmadı.

 

- “Neftçi”nin etiraz etdiyi epizodlardan hansı ilə razısınız?

- Etiraf etmək lazımdı ki, birinci epizodda hakimlər kobud səhvə yol verdilər. “Qəbələ”nin künc zərbəsi qazandığı və ardından qol vurduğu epizodu nəzərdə tuturam.

 

- Həmin epizodu bəziləri nəticəyə birbaşa təsir edən, bəziləri isə adi səhv kimi dəyərləndirirlər. Qiymətləndirmə zamanı bu səhvi necə dəyərləndirəcəksiniz?

- Birbaşa nəticəyə təsir edən səhv ofsayddan vurulan qoldu. O epizod isə başqa cür dəyərləndirilməlidi. Çünki bu səhvdən sonra qol olmadı ki, “Qəbələ” künc zərbəsi qazandı. Ancaq razıyam ki, bu, kobud səhvdi.

 

- “Neftçi” bununla bağlı videorolik hazırlayıb və hakimin bir neçə səhvinin olduğunu iddia edib. Siz qarşılaşmanı təhlil etmisinizmi?

- Hələ təhlil etməmişik. Televiziya çəkilişinə əsasən fikir bildirmək doğru olmaz. Çünki bəzi epizodların təkrarı göstərilmirdi.

 

- Əliyar Ağayev bu matçdakı idarəçiliyə görə, cəzalandırıla bilərmi?

- Ola bilər.

 

- “Qarabağ” – “Sumqayıt” matçında isə qonaqların narazı qaldıqları bir epizod oldu. “Sumqayıt” tərəfi onların hücumu zamanı meydan sahiblərinin qapıçısı Şahruddin Məhəmmədəliyevin cərimə meydanı kənarında topa əllə müdaxilə etdiyini iddia edib...

- Xeyr, həmin epizodda qapıçı topu cərimə meydanı daxilində tutmuşdu və xətti keçməmiş onu yerə buraxdı.

 

- “Neftçi”nin prezidenti Orxan Hüseynzadə təklif edib ki, hər klub hakimlər briqadasını 4-cü hakimin mövqeyinin yaxınlığında sadə monitorla təmin etsin. Belə bir variant mümkündümü?

- Bu məsələdə qərarı klublar vermir. Ümumiyyətlə, videotəkrar hələ sınaq dövründədi. Bunun təsdiqi ilə ilə bağlı qərar 2019-cu ildə veriləcək. Həmin vaxta qədər müxtəlif ölkələr bunu yoxlayacaqlar. Hətta bəzi ölkələrdə artıq istifadə edirlər. Digər tərəfdən videotəkrar sistemindən tətbiq edilsə, monitor arxasında gərək hakimlər və ya təcrübəli keçmiş hakimlər otursunlar. Bizim çempionatımızda bu sistem tətbiq olunarsa, heç bir problem yoxdu.

 

- Geridə qalan 12 tura əsasən hakim idarəçiliyini necə qiymətləndirərdiniz?

- 1-2 epizodu çıxmaq şərti ilə normaldı.

 

- Çempionatla hakimliyin səviyyəsini müqayisə etsəniz, hansını üstün tutardınız?

- Demək olar ki, eyni səviyyədədi.

 

- İlk 12 turda hansı hakimlərin idarəçiliyindən razı qaldınız?

- Ömər Paşayev, Rauf Cabbarov, Fariz Yusifov və İnqilab Məmmədovu bu baxımdan qeyd edə bilərəm. Digərlərinin hakimliyindən elə də razı deyiləm.

 

- Əliyar Ağayevin I kateqoriyanı almaq məsələsi nə yerdə qalıb?

- Dəqiq bir şey deyə bilmərəm. Söz verirlər, sonra baxırsan ki, gözlədiyin qərar olmur. Dediklərinə görə, yayda olmalıdı.

0