[b]“Neftçi”nin müdafiə xətti normal çıxış etdi" - Səməd Qurbanov [/b]
20.07.2018 - 17:23
[b]“Neftçi”nin müdafiə xətti normal çıxış etdi" - Səməd Qurbanov [/b]

“Nə deyə bilərəm? Deyiləsi bir söz yoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov deyib.

 

Veteran futbolçu paytaxt klubunun Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”lə dünən keçirdiyi səfər matçını dəyərləndirib. Qurbanov böyükhesablı məğlubiyyətə (0:4) görə, baş məşqçi Roberto Bordinin məsuliyyət daşıdığını bildirib.

 

Onun sözlərinə görə, yenilgidə əsas səbəb yarımmüdafiə xəttinin zəif çıxışı olub: “Komanda orta sahəni rəqibə vermişdi. Buna görə də məğlub oldu. Əlbəttə ki, məğlubiyyətə görə baş məşqçi məsuliyyət daşıyır. Bordinin qurduğu “beşli” müdafiə sistemi yaxşı idi. Əks-hücum futbolu seçmələri doğru addım idi, sadəcə, bunu reallaşdıra bilmədilər. Bacarmadılar, gücləri çatmadı. Müdafiə və hücum xətti normal çıxış etdi. Ancaq yarımmüdafiə zəif oynadı. Nəticədə komanda uduzdu”.

 

65 yaşlı mütəxəssis baş məşqçi Roberto Bordini istefaya göndərmək məsələsinə müsbət yanaşmır: “Bir oyuna görə baş məşqçiyə qiymət vermək olmaz. Futbolda hər şey ola bilər. Kim inanardı ki, “Uypeşt” bizə 4 qol vuracaq? Baş məşqçi öz istədiyi oyunçuları gətirməyib. Hazır komandaya gəlib, sistemi qurmağa çalışır. Zəif nöqtələri gücləndirdikdən sonra komanda yəqin ki, düzələr. Xüsusən də, orta sahəyə oyunçu lazımdı”.

 

Qeyd edək ki, Bakıdakı ilk görüşdə 3:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, üstünlüyü Budapeştdə əldən verən “Neftçi” avrokuboklarla vidalaşıb.

0