[b]Elvin Məmmədov: Yeni qan, yeni baxış lazım idi - MÜSAHİBƏ[/b]
02.03.2015 - 00:00
[b]Elvin Məmmədov: Yeni qan, yeni baxış lazım idi - MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “İnter” – “Simurq” görüşündə ikinci qolu vuran paytaxt təmsilçisinin yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Görüşlə bağlı təəssüratlarınızı bildirərdiniz...

 

- “Simurq”la oynamaq bizə həmişə çətin olub. Çünki rəqibimiz yaxşı komandadı. Onların əsas üstünlüyü müdafiədə yaxşı çıxış etmələridi. Bu da istənilən rəqibə çətinlik yaradır. Çempionluq şansımız davam edir. Həm də “Qarabağ”dan geri qalmamaqla yanaşı, yaxın rəqiblərimizdən uzaqlaşmaq üçün 3 xal vacib idi.

 

- Matçın taleyini vurduğunuz qol həll etdi. Həm də bu qol baxımlılığı ilə yadda qaldı...

 

- Bunun ayrı yeri var. Avropa Liqasındakı qoldan sonra çempionatda fərqlənə bilmirdim. Ölkə kubokunda qol vurmuşdum. Çempionatda da “siftə” elədim. Ardı gəlsin.

 

- Qapıçını keçdikdən sonra zərbə vuracağınızı gözləsək də, topla bir qədər də hərəkət edib fərqləndiniz. İlk epizodda niyə zərbə vurmadınız?

 

- Qapıçı yerdə olsa da, yolu bağlamışdı. Baxdım ki, kənar tərəf boşdu, ora irəliləyib, qol vurdum. Futbolda belə qollar da olur.

 

- Sizi təbrik etmək üçün baş məşqçi Kaxaber Sxadadze özü yanınıza qaçdı. Nə dedi sizə?

 

- O, mənə hər zaman dəstək olub. Bir ara yığmaya dəvət almadım. Həmin vaxtlarda da baş məşqçi mənə dəstək verirdi. Zəhmətimiz hədər getmədi, nəhayət, son toplanışa dəvət aldım və “Şaxtyor”la yoxlama matçında iştirak etdim. Bu dəstəyə görə, Sxadadzeyə təşəkkür edirəm.

 

- Görüş bitdikdən sonra “Simurq”un qırmızı vərəqə ilə cəzalandırılan oyunçusu Marko Stanoyeviç sizə yaxınlaşıb nə dedi?

 

- Oyun zamanı o məni 3-4 dəfə vurmuşdu. Hər dəfə də güzəşt edirdim. Amma sonra əsəblər gərildi. Matç bitdikdən sonra isə tam sakitləşmişdik. Vəziyyəti izah etməyə çalışdım.

 

- Stanoyeviç cərimə zərbəsindən qol vurduqdan sonra Sxadadze əsəbləşmişdi. Canlı səddi niyə o istəyən kimi qurmadınız?

 

- Top vurulan zaman biz tullanmadıq. O da buna görə hirsləndi. Niyə tullanmadıq, özüm də bilmirəm.

 

- İndi hər kəsi düşündürür ki, “İnter” “Qarabağ”ı dayandıra biləcəkmi?

 

- Futbolda hər şey mümkündü. Kağız üzərində hamı “Qarabağ”ı çempion görür. Ancaq onlarla oyunlarımız var. Sona qədər mübarizə aparacağıq. Əsas inam olmalıdı. Biz də özümüzə inanırıq. “Qarabağ”ın da yaxşı komanda olduğunu deyə bilərəm.

 

- Millinin toplanışından gəldikdən 2 gün sonra oyuna çıxdınız. Yorğunluq hiss etdinizmi?

 

- İstirahət etmədik, yol yorğunluğu müəyyən qədər özünü büruzə verdi. Ancaq qol vurduqdan sonra hamısı yaddan çıxdı.

 

- Yığmada yeni baş məşqçinin rəhbərliyi altında ilk toplanış və yoxlama oyunu nəyə ümid etməyə əsas verir?

 

- Yığmaya yeni qan, yeni baxış lazım idi. Onsuz da, biz hər zaman müdafiəyəmeyilli oyuna üstünlük verirdik. Yeni baş məşqçi futbol oynadığımızı, bunu bacardığımızı bizə çatdırdı. O, dedi ki, istəyirəm əvvəlcə özünüzə inanasınız, ondan sonra futbol oynayasınız. Prosineçki yığmada tam fərqli atmosfer yaradıb. Məşq prosesindən tutmuş, oyun hazırlığına qədər hər şeyin fərqindəyik. Hər şey dəyişib. Təbii ki, indi hamı Malta ilə oyunu düşünür. Bu görüşdə mütləq müsbət nəticə əldə etməliyik.

0