"Qarşımızda duran əsas məsələ “Bakı”nın mövsümü başa vurmasıdı" – MÜSAHİBƏ
03.03.2015 - 11:05
"Qarşımızda duran əsas məsələ “Bakı”nın mövsümü başa vurmasıdı" – MÜSAHİBƏ

“Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidovun apasport.az saytına müsahibəsi.

 

- “Bakı”nın gələcək aqibətinin necə olacağı hələ də müəmmalı olaraq qalmaqdadı. Hazırkı durum nə yerdədi?

- Böyük dəyişiklik yoxdu. Onu deyə bilərəm ki, futbolçular fevral ayının maaşlarını alıblar. Hələlik sakitlikdi.

 

- Klubun digər işçiləri isə uzun müddətdi maaşlarını ala bilmirlər. Onların pulları nə vaxt veriləcək?

- Düzdü, işçilərin maaşları hələ verilməyib. Bunu inkar edə bilmərik. Amma nəzərdə tutulub ki, tezliklə onların da pulları verilsin. İmkan olanda bu problemi də aradan qaldıracağıq.

 

- “Bakı” çətin durumdan nə vaxt çıxacaq? Qaranlıq tuneldə işıq ucu görünürmü?

- İndidən nəsə demək çətindi. Zaman göstərəcək. Bu istiqamətdə işlər gedir. Allah eləsin, yaxşı olsun. Bizim də istəyimiz budu. Müsbət dəyişikliyi hər an gözləmək olar. Lakin konkret vaxt deyə bilmərəm.

 

- Bir vaxtlar çempionluğa oynayan “Bakı”nın hazırkı çıxışı azarkeşləri qane etmir. Onlar nə vaxta kimi komandanın hazırkı vəziyyəti ilə barışmalı olacaqlar...

- “Bakı”nın cari mövsümdəki çıxışı heç bizi də qane etmir. Bunun obyektiv və subyektiv səbəbləri var. “Bakı”da gənclərin oynamasından ilk növbədə, Azərbaycan futbolu qazanır. Onlar gələcəkdə futbolumuza töhvə verəcəklər. Təbii ki, komandada təcrübəli futbolçular olsaydı, daha yaxşı olardı. Onda gənclər də bu qədər çətinlik çəkməzdilər. Təcrübəlilərlə cavan uşaqların vəhdətindən yaxşı komanda qurmaq olar. Ümidimizi itirmirik. “Bakı”nın görəcəyi işlər hələ qabaqdadı.

 

- “Bakı” cari mövsümü AFFA-nın maliyyə yardımı sayəsində keçirir. Bəs növbəti mövsüm necə olacaq? Federasiya yardım əlini geri çəksə, klub dağılmaq ehtimalı ilə üzləşə bilərmi?

- Biz istəyirik ki, “Bakı” növbəti mövsüm daha yaxşı çıxış etsin. Hədəflər başqa olmalıdı. Amma hər şey vəziyyətdən asılıdı. Vəziyyətimiz düzəlsə, komandaya təcrübəli oyunçular gələcək. Bu gün qarşımızda duran əsas məsələ “Bakı”nın mövsümü başa vurmasıdı. Komanda belə vəziyyətdə növbəti mövsümdə çıxış edə bilməz. Anlayırıq ki, bu cür çətin situasiyada oynamaq düzgün deyil. Bunun üçün vəziyyət düzəlməlidi.

 

Tengiz MƏMMƏDOV

0