[b]Ansi Aqolli: Növbəti mövsüm harda olacağımı bilmirəm[/b] - MÜSAHİBƏ
05.03.2015 - 10:53
[b]Ansi Aqolli: Növbəti mövsüm harda olacağımı bilmirəm[/b] - MÜSAHİBƏ

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin apasport.az saytına müsahibəsi

 

- Ölkə kubokunda “Bakı” üzərində asan qələbə qazandınız. “Qarabağ”ın rəqibinə bir ayaqla qalib gəldiyini demək olarmı?

- Çempionatla yanaşı, kubok da bizim üçün önəmlidi. “Bakı” ilə görüşə maksimum ciddi  hazırlaşmışdıq. Bütün gücümüzü meydanda qoyub, yaxşı nəticə əldə etmək istəyirdik. Şadam ki, buna nail olduq. Xoşbəxtik.

 

- “Qarabağ”ın cütün taleyini həll etdiyini desək, yəqin ki, yanılmarıq...

- İlk görüşdə 3:0 hesablı qələbə qazanmaq işimizi asanlaşdırır. Amma hələ cavab qarşılaşması var. Həmin oyunu keçirməmiş, özümüzü növbəti mərhələdə saya bilmərik. Odu ki, cavab matçına da məsuliyyətlə yanaşmalıyıq.

 

- Topaz Premyer Liqasının XXV turu çərçivəsində həftəsonu “Xəzər Lənkəran”la qarşılaşacaqsız. Bu matçdan nə gözləyirsiz?

- İndiki məqamda hər bir oyun çətindi. Azərbaycan çempionatında asan komanda yoxdu. Bundan əlavə, çempionatın ikinci hissəsi gedir, turdan-tura mübarizə gərginləşir. “Xəzər Lənkəran”la matça yüksək motivasiya ilə hazırlaşmalıyıq. Konsentrasiyanı itirmək olmaz. Bu komandanın heyətində gənclər çıxış edirlər və onlar özlərini göstərməyə çalışacaqlar. Təbii ki, məqsədimiz 3 xal qazanmaqdı. Keçən turda məğlubiyyətlə üzləşdiyimizi nəzərə alsaq, qələbə bizim üçün həddindən artıq vacibdi.

 

- “Qarabağ”la müqavilənizin müddəti mövsümün sonunda başa çatır. Yeni sözləşmə barədə klub rəhbərliyi ilə danışığınız olubmu?

- Hələ ki, bu barədə klub rəhbərliyi ilə danışmamışam. İndi diqqətimi komandanın çıxışına yönəltmişəm. Tam şəkildə oyunlara konsentrasiya oluram. Müqavilə ilə bağlı müzakirəyə sonra vaxtımız olacaq.

 

- Adətən müqaviləsinin sonuna 5-6 ay qalanda futbolçuya daha çox təkliflər gəlməyə başlayır. Başqa klublardan sizinlə maraqlananlar olubmu?

- Belə bir şey mümkün deyil. Çünki mənim “Qarabağ”la müqaviləm var və bu komandanın futbolçusuyam. Növbəti mövsüm harda olacağımı bilmirəm. Bunu zaman göstərəcək. Amma “Qarabağ”da məni hər şey qane edir.

 

- Əksəriyyət “Qarabağ”ı Azərbaycanın ən güclü komandası sayır. Hələ mövsümün əvvəlindən çempionluğa yenə bir nömrəli namizəd məhz Ağdam klubu hesab olunurdu. Bu, futbolçuların üzərinə əlavə məsuliyyət qoyurmu?

- Açığı, insanların “Qarabağ”la bağlı bu cür fikirləri bizi sevindirir. Onların sevgisini hiss edirik. Amma çempion olmaq heç də asan deyil. Bunun üçün sona qədər mübarizə aparmaq lazımdı. Hələ qarşıda çox oyun var. Çempionluq barədə indidən danışmaq tezdi. Düzdü, “İnter”dən 6 xal öndəyik. Lakin bu, o qədər də böyük fərq deyil.

 

- “Qarabağ” nəticə qazanıb, baxımlı oyun göstərsə də, çempionat və kubokda keçirdiyiniz oyunlara az sayda azarkeş gəlir. Bunun səbəbini nədə görürsüz?

- Səbəbini mən bilmirəm. Amma reallıq budu. Fikrimcə, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik. Bizim üçün nəticədən əlavə, fanatlarımıza gözəl oyun bəxş etmək də önəmlidi. Həm Azərbaycan çempionatında, həm də avrokubokda yaxşı nəticəyə imza atmaq istəyirik. Stadiona nə qədər çox azarkeş gəlsə, bir o qədər yaxşıdı. Onda futbolçular üzərlərində daha çox məsuliyyət hiss edirlər və oyunlar da daha maraqlı keçir.

 

Tengiz MƏMMƏDOV

0