[b]“Xəzər Lənkəran” strategiyasını dəyişir: Səhv bağışlanmayacaq[/b]
17.04.2015 - 10:35
[b]“Xəzər Lənkəran” strategiyasını dəyişir: Səhv bağışlanmayacaq[/b]

“Artıq 4 gənc futbolçu gələn mövsüm əsas komandada oynamağı təmin edib. Digərlərinin isə özlərini göstərmək üçün çox az vaxtları qalıb”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

 

Cari mövsümün ikinci yarısında gənc futbolçulara bel bağlayan “ağ-yaşıllar” yayda heyətdə ciddi dəyişikliklər edəcək. Cənub təmsilçisi hazırkı heyətin əksər üzvü ilə yollarını ayırıb, çempionluğa oynayacaq kollektiv quracaq.

 

Məmmədov isə artıq yerli futbolçu problemi yaşamayacaqlarını düşünür: “Gəncləşdirmə siyasətinə keçməyimizin səbəbi gələcək üçün yerli futbolçular hazırlamaq idi. Məqsədimiz odu ki, komandanın əsasını bundan sonra yerlilər təşkil etsinlər, yalnız boşluqları əcnəbilərlə dolduraq. Bəli, “Xəzər Lənkəran” gələn mövsüm iddialı olacaq. Artıq tələblər də dəyişəcək. Heç kimin səhvi bağışlanmayacaq”.

 

Topaz Premyer Liqasının XXX turunda oyun keçirməyəcək “Xəzər Lənkəran” aprelin 25-də “Qəbələ” ilə baş tutacaq görüşün hazırlıqlarını davam etdirir. Baş məşqçini isə heyətlə bağlı problemlər narahat edir: “5 günlük istirahətdən sonra ayın 15-dən yığışdıq və məşqlərimizi bərpa etdik. Ciddi çatışmazlıqlarımız var. Elşən Rzazadə, Rahid Əmirquliyev və Alfred Sanko cəzalıdı. Hər üçü dayaq yarımmüdafiəçisidi. Qapıçımız Vyekoslav Tomiç isə dirsəyindən əməliyyat keçirib, hazırda Xorvatiyada müalicə olunur. Ümid edirik ki, “Qəbələ” ilə oyuna yetişər. Həmin matça qədər gündəlik məşqlərlə kifayətlənəcəyik. Yoxlama görüşü keçirmək fikrimiz yoxdu. Futbolçuların zədələnmələrindən çəkinirik”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” oyunu aprelin 25-də Lənkəranda keçiriləcək.

0