Yeni Zelandiya millisinin baş məşqçisi Bakıda gördüklərindən danışdı - FOTO
18.04.2015 - 16:06
Yeni Zelandiya millisinin baş məşqçisi Bakıda gördüklərindən danışdı - FOTO

“Bakıdakı təlim-məşq toplanışı çərçivəsində texniki cəhətdən yeniliklər öyrəndim, bizim idmanda bu çox vacibdi”. Apasport.az saytının məlumatına görə, bunu bədii gimnastika üzrə Yeni Zelandiya millisinin baş məşqçisi Marni Sterner deyib.

 

Belə ki, ada ölkəsinin yığması bu həftə Milli Gimnastika Arenasının qonağı olub. 18 saatlıq uçuşa baxmayaraq, Azərbaycana gəlmək və möhtəşəm kompleksdə hazırlıq keçmək zelandiyalılarda xoş təəssürat yaradıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verən Sterner bildirib ki, gimnastlarımızın 8 saat məşq etməsinə çox təəccübləniblər: “Biz də üz ifadələri üzərində işləyirik. Əslində, mən də qızlara məcbur edirəm ki, mimikadan istifadə etsinlər. Onlar isə “Mən bunu yalnız yarış zamanı edəcəm”, deyirlər. Sizin məşqçiləriniz bizə texniki cəhətdən və digər şeylərdə kömək oldular”.

 

Sterner Milli Gimnastika Arenası barədə də danışıb. İyunda Avropa Oyunlarına ev sahibi edəcək obyektlərdən olan arenanı möhtəşəm hesab edən qonaq bunun ölkələrindəki ilə müqayisəyə belə gəlmədiyini deyib: “Arena möhtəşəmdi, bəxtiniz gətirib. Bizim zalı da bir görsəydiniz... Bir xalça və kiçik uşaqlar üçün bir neçə cığır var. Düşünürəm ki, Bakı da çox dəyişilib. Mən ilk dəfə paytaxtınızda 2005-ci ildə təşkil olunan dünya çempionatına gəlmişdim. Şəhəri gəzmək üçün, bir-iki günüm oldu. Şəhər, xüsusən də mərkəz çox müasir olub. Əvvəllər burda yalnız milli mətbəxi təcəssüm etdirən restoranlara rast gəlirdik. İndi isə suşi-barlar, Çin restoranları və s. var. Bura çox maraqlı şəhərdi”.

 

Sterner bildirib ki, əgər hər şey plan üzrə getsə, iyulun sonu, avqustun əvvəli bir daha ölkəmizə gələcəklər. 

0