[b]“Belə getsə, Azərbaycanda futbol olmayacaq”[/b] – Rasim Ramaldanov
04.05.2015 - 09:59
[b]“Belə getsə, Azərbaycanda futbol olmayacaq”[/b] – Rasim Ramaldanov

“Xəzər Lənkəran” klubunun futbolçusu Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi

 

- Sizin yoxluğunuzda “Xəzər Lənkəran” ölkə çempionatının XXXII turunda autsayder “Bakı”ya uduzdu. Məğlubiyyətin səbəbini nədə görürsüz?

- Futbolda hər nəticə olur. Özüm oynamasam da, ürəyim komanda ilə birgə idi. Əslində, oyuna pis başlamamışdıq. Penaltidən buraxdığımız qol hər şeyi dəyişdi. Komanda “sındı”, həvəsdən düşdü. Bu səbəbdən məğlub olduq.

 

- Ümumiyyətlə, hazırkı “Xəzər Lənkəran” əksər oyunlarda qol buraxana kimi yaxşı oynayıb. Ancaq hesabda geri düşdükdən sonra komandanın oyunu istədiyi kimi alınmayıb. Bunu gənclərin çoxluğu ilə əlaqələndirmək olar, yoxsa psixoloji problemlə?

- Deməzdim ki, psixoloji problem var. Elə oyunlarımız da olub ki, qol buraxandan sonra yaxşı oynamışıq.

 

- “Xəzər Lənkəran”la müqavilənizin müddəti mövsümün sonunda başa çatacaq. Komandada qalıb-qalmayacağınızı müəyyənləşdirmisizmi?

- Hələ rəhbərliklə bu barədə söhbət etməmişəm. Qarşıda oyunlarımız var və mən bütün diqqətimi həmin görüşlərə yönəltmişəm.

 

- Başqa klublardan təklif almısızmı?

- Özümlə yox, amma menecerimlə əlaqə saxlayanlar olub. Hələ səbr edib, gözləyirəm. Heç bir təklifə cavab verməmişəm.

 

- “Xəzər Lənkəran” strategiyasını dəyişib, iddiasını artırsa, bu sizin qərarınıza təsir edə bilər?

- Təbii ki. Komanda iddiasını artırsa, təcrübəli futbolçular transfer etsələr, qalmaq lazımdı. Gəncləşdirmə siyasəti ilə davam edilsə, hansı qərarı verəcəyimi bilmirəm.

 

- Keçmiş komandanız “Simurq”un maliyyə problemi ilə əlaqədar, iddiasını azaldacağı, hətta dağılacağı ilə bağlı xəbərlər dolaşır. Bu sizə necə təsir edir?

- Çox pis. “Simurq” mənə doğma komandadı. Uzun müddət bu klubun formasını geyinmişəm. Zaqatalada həmişə futbol olub. İnanmıram ki, dağılsın. “Simurq” yenə yaxşı oyunlar göstərəcək.

 

- Fikir verirsizsə, dağılmaq təhlükəsi ilə adətən bölgə klubları üzləşirlər. Bu gedişlə, Azərbaycan çempionatı yox, Bakı birinciliyini izləyəcəyik...

- Razıyam. Bölgələrdə də futbol olmalıdı. Belə getsə, futbolumuz dağılacaq, Azərbaycanda futbol olmayacaq.

 

- Robert Prosineçki gələndən sonra milliyə dəvət almamısız. Norveçlə görüşə necə, çağırılacağınıza inanırsızmı?

- Hər məşqçinin öz taktikası var. Prosineçkinin məni çağırmamasına pis baxmıram. Təbii ki, hər bir futbolçu kimi, mən də yığmanın şərəfini qorumaq istəyirəm. Amma çağırmayacaqsa, nə edə bilərəm? Əsas odu ki, milli üçün yaxşı olsun, Norveçdə sərfəli nəticəyə imza ataq.

 

Tengiz MƏMMƏDOV

0