[b]“Qızıl”ı rəsmiləşdirəcək 2 nəticə[/b]
04.05.2015 - 10:19
[b]“Qızıl”ı rəsmiləşdirəcək 2 nəticə[/b]

Topaz Premyer Liqasının bu həftə keçiriləcək XXXIII turu çempion və I diviziona yuvarlanan klubun adına aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, qızıl medalların taleyi “Xəzər Lənkəran” – “Qarabağ” və “İnter” – “Neftçi” qarşılaşmalarının nəticələrindən asılıdı.

 

Ağdam təmsilçisi Lənkəranda qalib gəlsə, “İnter” paytaxt derbisində xal itirsə (heç-heçə və ya məğlubiyyət) Qurban Qurbanovun yetirmələri ardıcıl 2-ci dəfə Azərbaycan çempionu olacaq.

 

Lənkərandakı heç-heçə qeydə alınsa, “bankirlər” yenilsə, “Qarabağ” ən azı “Qızıl oyun”da yerini təmin edəcək.

 

“İnter” qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq, intriqa növbəti turlara qədər davam edəcək. “Qarabağ”ın məğlubiyyəti də eyni nəticəyə səbəb olacaq.

 

“Bankirlər”in ilk 2 pillədən birini tutması da bu turda rəsmiləşə bilər.

 

Bunun üçün “İnter” ən azı 1 xal qazanmalı və ya “Qəbələ” xal itirməlidi. Belə olsa, şəxsi oyunların nəticələrinə əsasən, “Neftçi” üçün əlçatmaz olan Kaxaber Sxadadzenin yetirmələri Qəbələnin eyniadlı klubunun da gümüş arzularının üstündən xətt çəkəcək.

 

Əgər “Qarabağ” qalib gəlsə, “İnter” 1 xal qazansa həm qızıl, həm də gümüşün sahibi sona 3 tur qalmış bəlli olacaq. Ağdamlılar qalib gəlsə, “İnter” uduzsa, “Qəbələ” “Sumqayıt”la görüşdə qələbə qazanmasa da ilk 2 pillə təmin olunacaq.

 

AZAL-ı qəbul edəcək “Bakı”  ev oyununda məğlub olsa, paytaxtın eyniadlı təmsilçisinin sonuncu yeri tutacağı rəsmiləşəcək. Bu isə İbrahim Uzuncanın yetirmələrinin aşağı dəstəyə yuvarlanması deməkdi.

 

“Bakı” 1 xal qazansa da, eyni aqibətlə üzləşə bilər. Bunun üçün “Sumqayıt” “Qəbələ”ylə qarşılaşmada məğlub olmamalıdı.

 

Paytaxt təmsilçisi qalib gəlsə, ən azı növbəti turlaradək sonuncu olmamaq şansını saxlaya bilər. Çünki “zolaqlılar” 3 xal əldə etsə, onların aşağı dəstəyə yuvarlanması digər iki oyunun nəticələrindən asılı olacaq. “Bakı”nın I diviziona düşməsi üçün həmin qarşılaşmalarda isə “Sumqayıt” “Qəbələ”ni məğlub etməli, “Xəzər Lənkəran” “Qarabağ”a yenilməməlidi.

 

0