[b]19 illik həsrət və ya yarımfinalda qisas baş tutacaqmı?[/b]
04.05.2015 - 16:31
[b]19 illik həsrət və ya yarımfinalda qisas baş tutacaqmı?[/b]

Sabah Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, diqqətlər öncə Turinə, 1 gün sonra isə Barselonaya yönələcək.

 

İtaliya A Seriyasında qızıl medallara sahib çıxan “Yuventus”un növbəti hədəfi Çempionlar Liqasıdı. Sonuncu dəfə 1996-cı ildə kuboku qazanan “qoca sinyora” 19 illik həsrətə son qoymaq arzusundadı. Düzdü, bu müddət ərzində İtaliya təmsilçisi 3 dəfə ÇL-in finalında oynamaq hüququ əldə edib. Ancaq hər birində həlledici məqamda büdrəyərək, kuboka sahib çıxa bilməyib.

 

“Yuventus” finala adlamaq üçün ÇL-in son qalibi “Real”ı mübarizədən kənarlaşdırmalıdı. Bu komandalar sonuncu dəfə ötən mövsüm qrup mərhələsində qarşılaşıblar. Madriddə “Real” 2:1 hesablı qələbə qazandığı halda, Turində 2:2 hesablı heç-heçə qeydə alınmışdı.

 

Hər iki komandada zədəli, iştirakı sual altında olan futbolçular var. “Yuventus”da Kvadvo Asamoa, Martin Kaseres, Pol Poqba zədəli olduğu halda, Arturo Vidalın sağlamlığı ilə bağlı problemi var. “Real”ın heyətində isə Kərim Benzema, Luka Modriç zədədən əziyyət çəkirlər. “Sevilya” ilə çempionat matçının 66-cı dəqiqəsində meydana daxil olan Qaret Beylin zədəsi tam sağalmayıb. Bu mənada, onun “Yuventus”la görüşə əsas heyətdə çıxıb-çıxmayacağı sual doğurur.
 

İkinci oyun günündə isə gözlər “Nou Kamp”da olacaq. Çoxunun finalda görmək istədiyi “Barselona” – “Bavariya” duelinə yarımfinalda şahidlik edəcəyik.

 

Tarixi ərzində 4 dəfə ÇL-in qalibi olan “Barselona” sonuncu dəfə bu sevinci 2011-ci ildə yaşayıb. “Bavariya” isə bu vaxta qədər 5 dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb ki, sonuncu nailiyyət 2012/13 mövsümünə təsadüf edir.

 

Oyunun marağını bir qədər də artıran məqam “Bavariya”nı vaxtilə “Barselona”da işləmiş və möhtəşəm işlər görmüş Xosep Qvardiolanın çalışdırmasıdı. Onun rəhbərliyi altında Münhen təmsilçisi Almaniya Bundesliqasında çempionluğu vaxtından əvvəl rəsmiləşdirib. La Liqada birinci pillədə qərarlaşmış “Barselona” isə sona 3 tur qalmış ən yaxın izləyicisi olan “Real”ı 2 xal qabaqlayır.

 

“Bavariya”nın heyətində zədəli futbolçuların bolluğu “Barsa”nın finala adlamaq şansını artırır. Komandanın əsas heyət üzvləri David Alaba və Aryen Robben bu görüşdə meydana çıxa bilməyəcəklər. Bundan əlavə, zədəlilər Xuan Bernat, Frank Riberinin və Robert Levandovskinin iştirakı sual altındadı. “Barselona”da isə hələ də debüt edə bilməyən Tomas Vermalen zədəlidi ki, bunu da itki adlandırmaq düzgün olmaz.

 

“Barselona”nın əlinə revanş üçün yaxşı imkan düşüb. Xatırladaq ki, 2012-13 mövsümünün yarımfinal mərhələsində “Bavariya” 4:0 və 3:0 hesablı qələbələrlə “Barsa”nın finala yolunu kəsmişdi.

 

 

 

Çempionlar Liqası

Yarımfinal, ilk oyunlar

 

5 may

 

23:45 “Yuventus” (İtaliya) – “Real” (İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Turin. “Yuventus” stadionu

 

6 may

 

23:45 “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)

Baş hakim: Hələ açıqlanmayıb.

Barselona. “Nou Kamp” stadionu.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları 12-13 mayda keçiriləcək.

 

 

0