[b]Şahmatçı-məşqçi və Mehman Allahverdiyev[/b]
22.05.2015 - 13:38
[b]Şahmatçı-məşqçi və Mehman Allahverdiyev[/b]

UEFA titul qazanan ən gənc məşqçilərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, buna gürcüstanlı Uça Sosiaşvili səbəb olub.

 

“Dila”nın 25 yaşlı baş məşqçisi komandasını ölkə çempionu edib. Bununla, Sosiaşvili Avropada 30 yaşı tamam olmamış ölkə çempionu olan məşqçilərin siyahısına daxil olub.

 

Bu siyahıda macar Lippo Hertzka diqqət çəkir. İspaniya La Liqası tarixinə ilk çempion kimi düşən mütəxəssis Madrid “Real”ını 1931/32 mövsümündə qızıl medallara daşıyanda 28 yaşında idi. Ümumiyyətlə isə Hertzka 19 yaşından İspaniya klublarında baş məşqçiliyə başlayıb.

 

Baş məşqçi kimi 23 yaşında debüt edən Bob Houqton İsveç təmsilçisi “Malmö” ilə ilk çempionluğunu 4 il sonra – 1974-cü ildə qazanıb. O, 30 yaşı olmamış 3 dəfə qızıl medallar qazanıb. Digər İsveç klubu “Halmstad”a rəhbərlik edən Roy Hocson isə 29 yaşında – 1976-cı ildə titulu əldə edib.

 

28 yaşlı Naycel Atkinsin “Banqor Siti”ni Uels çempionluğuna daşıması da UEFA-nın diqqətindən yayınmayıb.

 

Ötən əsrin əvvəlləri ilə bağlı statistikalar natamam olduğundan mütləq rekordçunu elan etməyən araşdırmaçılar Con Rodqaardın nəticəsini xüsusi qeyd edir. 22 yaşında “Tvoroyri”nin baş məşqçisi kimi Farer adalarının çempionu olan danimarkalı mütəxəssis daha bir unikal göstəricisi ilə diqqət çəkir. O, baş məşqçi kimi futbol çempionu olduğu ildə şahmat üzrə (!!) Farer çempionu titulunu da əldə edib. 22 yaşında ölkə çempionatının qızıl medallarını qazanan digər məşqçi Rikardur Yonsson olub. O, 1951-ci ildə “Akranes”in oynayan baş məşqçisi kimi bunu bacarıb.

 

Avrokubokların finalına çıxan ən gənc məşqçi Bob Houqton “Malmö”nü 32 yaşında həlledici matça daşıyıb. Abdre Villaş-Boaş “Porto” ilə Avropa Liqasının qalibi olub, avrokuboklarda qələbə qazanan ən gənc mütəxəssis kimi tarixə düşüb – 31 yaş 229 gün. Çempionlar Liqasının rekordu isə Xosep Qvardiolaya məxsusdu – 40 yaş 131 gün.

 

Azərbaycanda ölkə çempionu titulunu qazanan ən gənc baş məşqçi isə Mehman Allahverdiyevdi. “Kəpəz”in indiki prezidenti baş məşqçi kimi komandasına ilk çempionluğu 1994/95 mövsümündə qazandırıb. Həmin vaxt mütəxəssisin 35 yaşı olub. Bu isə çempionatlarımız üçün rekorddu.

 

0