[b]“Zirə” icraçı-direktoru qovdu[/b] - YENİLƏNİB
22.05.2015 - 18:26
[b]“Zirə” icraçı-direktoru qovdu[/b] - YENİLƏNİB

I divizion təmsilçisi “Zirə”də kadr dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, növbəti mövsümdən Premyer Liqada çıxış etmək üçün lisenziya alan paytaxt təmsilçisinin icraçı-direktoru Seyidağa Babayev vəzifəsindən kənarlaşdırılıb.

 

Buna komandanın uğursuz çıxışı və klub rəsmisinin komanda daxilində qruplaşma yaratmaqda ittiham olunması səbəb olub. Vaxtilə futbolçu kimi ölkəmizin bir neçə klubunda oynamış Babayevin fəaliyyətindən narazı qalan rəhbərlik onu postundan kənarlaşdırmağı lazım bilib.

 

Məsələ ilə bağlı "Zirə"nin Mətbuat Xidmətinin rəhbəri Elman Himayətoğlu açıqlama verib:

 

"Seyidağa Babayev gözündən müalicə alır və tez-tez bu məqsədlə ölkə xaricinə çıxır. Bu səbəbdən klubda əsas işlərdən biri olan icraçı direktor vəzifəsini yerinə yetirmək üçün bütün gücü ilə çalışa bilmədiyini əsas gətirərək işdən azad olunmasını istəyib. Nəzərə alaq ki, komandamız Premyer Liqada iştirak etmək üçün lisenziya qazandıqdan sonra işlər daha da artıb və rəhbərliyin digər çalışanlarla yanaşı ondan da tələbi çoxalıb".

 

Qeyd edək ki, “Zirə” Premyer Liqada oynamaq hüququ əldə etsə də, I divizionda 5-ci pillədə qərarlaşıb və çempionatın sonuna 2 tur qalmış lider “Neftçala”dan 18 xal geri qalır.

0