[b]Əsədovun yerinə Syomin?[/b]
25.05.2015 - 09:49
[b]Əsədovun yerinə Syomin?[/b]

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin hazırkı komandası “Mordoviya”da da çox qalmayacaq. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis karyerasını iddialı komandada davam etdirmək niyyətindədi.

 

Saransk təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyən 68 yaşlı çalışdırıcının gözü Moskva klublarındadı. Syomin MOİK, “Dinamo”, “Spartak” və “Lokomotiv”dən təklif gələcəyinə ümid edir.

 

Rusiyalı həmkarlarımızın iddiasına görə, adıçəkilən komandalardan təklif olmasa, Rusiya millisinin sabiq baş məşqçisi yenidən Azərbaycana qayıdacaq. Məlumatda Azərbaycanın bir iddialı klubunun onunla maraqlandığı vurğulanıb.

 

Gələn mövsüm Azərbaycan Premyer Liqasında 4 klubun iddialı olması gözlənilir. Bunlar “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Neftçi”di. İlk iki komandanın hazırkı baş məşqçisi ilə yola davam edəcəyi dəqiqdi. “Xəzər Lənkəran”ı böyük ehtimalla Yunis Hüseynov çalışdıracaq.

 

Yalnız “Neftçi”də baş məşqçi Arif Əsədovun postunda qalıb-qalmayacağı məlum deyil. Paytaxt klubu ölkə kubokunu qazana bilməsə, çox güman ki, Əsədovla yollar ayrılacaq. Doğrudu, “Neftçi”nin hələlik Syomini baş məşqçi postuna gətirmək planı yoxdu. Amma əldə etdiyimiz məlumata görə, ətrafındakı insanlar və menecerləri onun məhz “Neftçi”yə keçidinə çalışırlar.

 

Qeyd edək ki, “Qəbələ” ötən mövsüm Yuri Syominin rəhbərliyi altında Premyer Liqanın bürünc medalını qazanıb və Azərbaycan Kubokunda finala qədər irəliləyib.

0