[b]“Qarabağ” “Dnepr”in futbolçusu ilə maraqlanır?[/b]
26.05.2015 - 09:32
[b]“Qarabağ” “Dnepr”in futbolçusu ilə maraqlanır?[/b]

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” heyətinə yeni legioner qata bilər. Apasport.az saytı Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu “Dnepr”in futbolçusu ilə maraqlanır.

 

Söhbət Xorvatiya yığmasının sabiq üzvü Mladen Bartuloviçdən gedir. 2006-cı ildən Dnepropetrovsk klubunda çıxış edən 29 yaşlı futbolçu 2009-2014-cü illər ərzində icarə əsasında Ukraynanın müxtəlif komandalarında oynayıb.

 

“Dnepr”ə qayıtdıqdan sonra oyun praktikasından əziyyət çəkən Bartuloviç komandasını birdəfəlik dəyişmək arzusundadı. Elə “Dnepr” rəhbərliyi də onunla yeni müqavilə imzalamaqda maraqlı deyil. Bütün bunları nəzərə alan futbolçu agenti ilə söhbətində digər təklifləri dəyərləndirmək istədiyini bildirib.

 

Müdafiənin və yarımmüdafiənin sol cinahında oynamağı bacaran Bartuloviçlə “Qarabağ”la yanaşı, Ukraynanın “Vorskla” və Xorvatiyanın “Hayduk” klubları da danışıq aparırlar. “Hayduk” yetirməsi olan Mladeni heyətinə qaytarmaq istəyir.

 

Ancaq Xorvatiya mətbuatı “Qarabağ” və “Vorskla” ilə müqayisədə “Hayduk”un Bartuloviçi almaq şansının az olduğunu yazıb. Onlar bunu komandanın maliyyə durumu ilə əlaqələndiriblər. Futbolçunun agenti də sərfəli təkliflər olduğu halda, Bartuloviçin Xorvatiyaya qayıtmaq şansının az olduğunu bildirib.

 

Qeyd edək ki, yay transfer dövrünə fəal başlayan “Qarabağ” artıq 3 futbolçunun – Azər Salahlı, Coşqun Diniyev və Elvin Məmmədovun keçidini rəsmiləşdirib.

 

 

0