[b]Arif Əsədov Böyükağa Hacıyevi yalançı çıxardı[/b]
30.06.2015 - 17:03
[b]Arif Əsədov Böyükağa Hacıyevi yalançı çıxardı[/b]

“O vaxt Mpenzanın transferi üçün çox vaxt sərf olundu. Belçikalı futbolçu son anda komandaya gətirildi. Düzdü, gələndə yaxşı formada deyildi. Amma tədricən həm çəki, həm də fiziki hazırlıq baxımından heç bir problemi qalmadı”. Bu sözləri apasport.az saytına “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov deyib.

 

2010-cu ildə məhz Əsədovun dönəmində “Neftçi”yə transfer edilən Emil Mpenza baş məşqçi postuna Böyükağa Hacıyev gətirildikdən sonra komandadan ayrılmışdı.

 

Hacıyev saytımıza açıqlamasında məşqlərə məsuliyyətsiz yanaşdığı üçün Mpenzanın xidmətindən imtina etdiyini söyləyib: “Mpenza 1 məşq edirdi, 10 məşqi buraxırdı. Mən gələndə gördüm ki, onun yalnız adı qalıb. Buna görə də, komandada qalmağını istəmədim. Mpenza Azərbaycanda olmurdu axı. Burda çox az görünürdü. 1-2 məşq edirdi, harasındansa zədə alırdı, gedib otururdu evində, müalicə olunurdu. O, futbol oynamırdı, vaxt öldürüb, pul almaq istəyirdi”.

 

Lakin Hacıyevdən fərqli, Arif Əsədov belçikalı hücumçunun “Neftçi”yə fayda verdiyini düşünür: “Mpenzanın gəldiyi ilk mövsümdə komanda çempion oldu və bunda onun da payı var idi. Hücumda Bahodir Nasimovla tandem təşkil edirdi. Çox peşəkar futbolçu idi, işinə məsuliyyətlə yanaşırdı. Özünü fərdi şəkildə hazırlamağı da bacarırdı. Özündə çatışmayan bir cəhət görəndə, məşqdən sonra qalıb, onun üzərində çalışırdı. Ustalıq baxımından heç bir problemi yox idi. Sadəcə, fiziki formasını qorumaq üçün daha çox məşq edirdi. Hiss olunurdu ki, müntəzəm oynamaq istəyir”.

 

Əsədov əlavə edib ki, onun dönəmində Mpenzanın heç kimlə problemi olmayıb: “Mənim vaxtımda onun nə məşqçilərlə, nə də futbolçularla konflikti olub. Kifayət qədər tanınmış futbolçu olmasına baxmayaraq, çox sadə, təvazökar insan idi. Özünü yekə-yekə aparan oyunçulardan deyildi. Həmin vaxt bizdə Mpenza ilə yanaşı, İqor Mitreski, Slavço Georgiyevski, Flavinyo kimi təcrübəli futbolçular da var idi. Onlar Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Araz Abdullayev, Ruslan Abışov kimi gənclərə inkişaf etməkdə kömək olurdular. Amma etiraf edim ki, son mövsümdə əcnəbi futbolçularda bunu görmədim. 4-5 il idi ki, eyni komandada idilər, artıq “doymuşdular”.

 

Ruslan SADIQOV

0