[b]“Digər variantları ağlımdan keçirmirəm” - Emil Balayev[/b]
03.07.2015 - 14:45
[b]“Digər variantları ağlımdan keçirmirəm” - Emil Balayev[/b]

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun və Azərbaycan yığmasının qapıçısı Emil Balayevin apasport.az saytına müsahibəsi

 

- Bakıya gəlişinizin səbəbi nədi? Zədəli deyilsiz ki?

- Xeyr. Avropa klublarında belədi ki, kim millinin heyətində neçə gün təlim-məşq toplanışında olursa, o qədər də onun istirahəti artırılır. Bizim istirahət ötən ayın 29-dan başladı. Mən ordan yığmanın düşərgəsinə - Avstriyaya təlim-məşq toplanışına, sonra Norveçə, daha sonra U-21 yığmamızla Danimarkaya, ordan da Farer adalarına yollandım. Təxminən 20 gün millilərin düşərgəsində oldum. Buna görə də, klub özü şərait yaratdı ki, məşqlərə bir qədər gec qoşulum. İnşallah, ayın 12-dək burdayam. Komandamız isə məşqə iyulun 1-dən start verib.  

 

- Komanda yoldaşınız, “Ayntraxt”ın əsas qapıçısı Kevin Trappın PSJ-yə keçmək variantı var idi. Bilmirsiz, məsələ nə yerdədi?

- O söhbət var. Amma hələ 100 faizlik deyil.

 

- Yeni baş məşqçiniz Armin Fe açıqlama vermişdi ki, Trapp getsə, komandaya yeni qapıçı gətiriləcək. Necə düşünürsüz, Trappın gedişi sizin də əsas heyətə yolunuzu aça bilər?

- Bu, rəqabətdən asılıdı. Mən indidən konkret söz deyə bilmərəm. Hər halda, yolumu açar deyə, düşünürəm. Çünki Trapp həm kapitandı, həm yüksək səviyyəli qapıçıdı. Neçə ildi ki, Bundesliqada çıxış edir, təcrübəsi çoxdu.

 

- Yeri gəlmişkən, “Ayntraxt”dakı baş məşqçi dəyişikliyi karyeranıza necə təsir edəcək?

- Armin Fe ilə heç vaxt işləməmişəm. Komandaya təzə gəlib. İnşallah, Frankfurta qayıdandan sonra görəcəyik.  

 

- Fenin rəhbərliyi altında da əsas heyətə düşə bilməsəniz, gələcək planınız nə olacaq? Hər halda, karyeranızın sonuna qədər ehtiyatda oturmaq istəmərsiz...

- Qapıçı elə mövqedi ki, ona həmişə təcrübə lazım olur. Mənim üçün oyun praktikası vacibdi. Almaniyaya qayıdandan sonra yeni məşqçimizlə söhbət edib, mənimlə bağlı nə düşündüyünü tam dəqiqləşdirəcəm.

 

- Başqa klublardan sizinlə maraqlanan var?

- Rəsmi bir təklif yoxdu. Mənim “Ayntraxt”la müqaviləm var. Hələ ki, digər variantları ağlımdan keçirmirəm, başqa klub haqda düşünmürəm.

 

- Sabiq komandanız “Neftçi”nin “Mladost”la dünən keçirdiyi oyunu (2:2) tribunadan izlədiz. Matçla və “Neftçi”nin sərgilədiyi oyunla bağlı fikirləriniz necədi?

- Cavan uşaqlardı. Hiss olundu ki, motivasiya var. Gördüyünüz kimi, meydanda döyüşkənlik göstərdilər. Özünüz hər şeyə şahid oldunuz. Xalqın gözü tərəzidi. Uşaqlar əllərindən gələni etdilər və rəqib qapısından 2 top keçirdilər. Düzdü, yekunda hesab 2:2 oldu. Buna baxmayaraq, sona qədər döyüşdülər.  

 

- Bu il Avrokubokda çıxış edən bütün komandalarımızın bəxtinə münasib rəqiblər düşüb. Buna rəğmən, mübarizəyə qoşulan 3 klubumuzdan heç biri ilk görüşündə qələbə qazana bilmədi. Yalnız “İnter”in Albaniyada heç-heçəyə imza atmasını yaxşı nəticə hesab etmək olar...

- Mən Avrokubokda mübarizə aparan bütün komandalarımıza inanıram. Hələ ki, heç nə həll olunmayıb, qarşıda cavab oyunları var. İnanıram ki, cavab görüşlərində bütün təmsilçilərimiz ümidləri doğruldacaqlar.

 

- Avro-2016-nın seçmə mərhələsində son 2 oyunda 4 xal qazanan millimiz növbəti görüşlərini sentyabrda Xorvatiya və Maltaya qarşı keçirəcək. Robert Prosineçkinin növbəti toplanışa sizi də çağıracağına inanırsızmı?

- Prosineçkinin məni çağırıb-çağırmayacağını bilmirəm. O, məşqçinin işidi. Futbolçunun işi məşqdə özünü göstərməkdi. Biz də hər məşqdə bunun öhdəsindən gəlməyə çalışırıq. Qiyməti verən isə məşqçidi. Prosineçkinin gəlişindən sonra Maltaya qalib gəlib, Norveçlə səfərdə heç-heçə oynamışıq. Komandada irəliləyiş var, bunu hamı hiss edir. İnanıram ki, növbəti görüşlərdə də millimiz sözünü deyə biləcək. Düzdü, Xorvatiya güclü rəqibdi. Amma mənə elə gəlir ki, həmin görüşdə də yaxşı nəticə olacaq. Xalqımıza ən azından, yaxşı oyun nümayiş etdirəcəyik.

 

Tengiz MƏMMƏDOV

 

0