[b]O qolu kim vuracaq?[/b]
03.08.2015 - 13:45
[b]O qolu kim vuracaq?[/b]

Bu həftə Azərbaycan futbolçuları üçün tarixi hadisə yaşana bilər. Apasport.az saytının məlumatına görə, klublarımız avrokuboklar tarixində yubiley - 200-cü qolu vurmağa yaxındı.

 

Bunun üçün III təsnifat mərhələsinin cavab oyunlarını evdə keçirəcək 3 təmsilçimiz ümumilikdə 3 qol vurmalıdı. “Qarabağ”, “İnter” və “Qəbələ”nin bu həftə baş tutacaq qitə miqyaslı turnirlərdə 3 qol vurması isə kifayət qədər inandırıcı görünür.

 

Düzdü, Çempionlar Liqasında Şotlandiya “Seltik”i ilə qarşılaşan “Qarabağ”ın da, Avropa Liqasında İspaniya “Atletik”ini qəbul edəcək “İnter”in işi o qədər asan olmayacaq. Əslində, Kipr “Apollon”u da “Qəbələ”yə asan təslim olmayacaq. Lakin Bakıda keçiriləcək qarşılaşmalardakı azarkeş dəstəyinin də köməyi ilə 3 qol vurmaq mümkündü.

 

1994-cü ildə qitə kuboklarında debüt edən Azərbaycan klubları indiyədək avrokuboklarda keçirdiyi 229 oyunda 61 qələbə qazanıb, 57 heç-heçə edib, 111 dəfə uduzub. 197 qol vuran komandalarımız 362 top buraxıb.

 

197 qoldan 133-ü Avropa Liqası (əvvəl UEFA kuboku), 44-ü Çempionlar Liqası, 19-u İntertoto kuboku, 1-i Kuboklar Kubokunda vurulub.

 

“Qarabağ” hamıdan çox – 54 qol vurubsa, “Neftçi” 50, “İnter” 33 qolla ilk “üçlük”də yer alıb. “Bakı” – 16, “Xəzər Lənkəran” – 14, “Şəmkir” – 7, “Qəbələ” – 6, “Kəpəz” – 5, “Karvan”, AZAL – hərəsi 3, “Xəzri”, “Viləş” – 2, “MKT-Araz”, “Bakı fəhləsi” hərəyə 1 dəfə fərqlənib. Avrokuboklarda oynamış 17 komandamızdan üçü - “Simurq”, “Şəfa” və “Turan”ın hesabında isə qol yoxdu.

 

İndiyədək 102 oyunçumuz qitə kuboklarında qol sevinci yaşayıb. Reynaldo (8) və Rəşad Sadiqov (7) hamıdan çox fərqləniblər. Daha 4 qol isə rəqib avtoqolu ilə reallaşıb.

 

Avrokuboklardakı ilk qolumuz 1995-ci il avqustun 22-də vurulub. “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündəki (5:1) tarixi qola Yadigar Süleymanov imza atıb.

 

Klublarımız avrokuboklarda keçirdiyi 20 mövsümdən ikisini qolsuz başa vurub. Ən məhsuldar mövsüm 2012/13 olub – 29 qol: 1994/95 – 0, 1995/96 – 1, 1996/97 – 5, 1997/98 – 0, 1998/99 – 4, 1999/2000 – 6, 2000/01 – 9, 2001/02 – 1, 2004/05 – 6, 2005/06 – 10, 2006/07 – 6, 2007/08 – 7, 2008/09 – 11, 2009/10 – 15, 2010/11 – 16, 2011/12 – 13, 2012/13 – 29, 2013/14 – 16, 2014/15 – 27, 2015/16 – 15.

 

Maraqlıdı ki, təmsilçilərimizin avrokuboklardakı 200-cü – yubiley qolu ilə bağlı fərqli rəqəmlər mövcuddu. Bu da nəticəsi hazırkı top fərqinin üç müxtəlif variantı ilə bağlıdı. Bütün bunlara səbəb hesabı ləğv olunub, texniki nəticənin qeydə alındığı iki görüşdü. 2004/05 mövsümündə “Xəzər Universiteti” Avstriyada “Kazino”ya 0:4 hesabı ilə uduzmuşdusa, “Bakı” Montenqro “Buduçnost”unu 2:1 hesabı ilə yenmişdi.  Lakin bu matçlarda “Kazino” və “Bakı”nın qələbəsi hər ikisinin əlindən alınıb və onlara texniki məğlubiyyət verilib.

 

Fərqlər də məhz bu iki matçla bağlıdı. Bəzi mənbələr nəticəsi ləğv olunan matçlara görə bu oyunların top fərqini 2:5, digər mənbələr isə vurulmayan texniki hesabların qollarını qəbul edib 3:3 kimi hesablayır. Bu üzdən 1-ci variantda ümumi top fərqimiz 199:367, 2-cidə 200:365 kimi ifadə olunur. Lakin ləğv olunan və vurulmayan qollar nəzərə alınmasa, bu rəqəm 197:362-yə bərabərdi.

 

0