[b]Rasim Ramaldanov: Onlarsız komanda zəif olacaq - MÜSAHİBƏ[/b]
04.08.2015 - 17:23
[b]Rasim Ramaldanov: Onlarsız komanda zəif olacaq - MÜSAHİBƏ[/b]

“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi

 

- Premyer Liqanın yeni mövsümün başlanmasına bir neçə gün qalıb. “Xəzər Lənkəran” hazırlıq dövrünü necə keçirdi?

- Hazırlığın əsas hissəsini Türkiyədə keçirdik. Təlim-məşq toplanışı çərçivəsində həm məşqlər etdik, həm də yoxlama oyunlarında gücümüzü sınadıq. Şəraitimiz də yaxşı idi. Heyəti formalaşdırmaq üçün transferlər edildi. Yeni oyunçuların komandanı gücləndirəcəyi şübhəsizdi. Artıq mehriban kollektivimiz var. Yoxlama matçlarında da yaxşı oyun göstərməyə çalışdıq. Çempionata gəldikdə, “Xəzər Lənkəran”ın layiq olduğu yerlərdən birini tutmaq üçün yola çıxırıq.

 

- Bu dəfə yeni baş məşqçi ilə hazırlaşdınız. Yunis Hüseynovun əsas tələbləri nədən ibarət oldu?

- Yunis müəllim yaxşı futbolçu olub, məşqçi kimi də özünü sübut edib. İstəyi odur ki, komanda döyüşkən olmalı, birlik olmalıdı. Bu istədiklərini yarada bilib. Təbii ki, çalışacağıq onun tapşırıqlarını meydanda yerinə yetirək, oyunlar zamanı göstərək.

 

- Komandaya yaxşı futbolçuların qoşulduğunu dediniz. Amma onlar sentyabrın 1-dən tez meydana çıxa bilməyəcəklər. Bu məqam heyətinizdə boşluqların olacağına əsas verirmi?

- Bu xəbəri eşidəndə pis olduq. İlk üç oyunda onlar bizə kömək edə bilməyəcəklər. Gənc futbolçularla çalışacağıq ki, bu problemi hiss etdirməyək. Azarkeşlərin dəstəyi, futbolçuların birliyi bu səddi aşmağımıza kömək edəcək. Üç oyundan sonra artıq tam heyətlə mübarizə aparacağıq.

 

- Bu da faktdı ki, yoxlama oyunları zamanı taktiki sxemlər yeni futbolçuların iştirakı ilə sınanıb. Deməli, çempionatın əvvəlində problemlərin olacağı qaçılmazdı..

- Sözsüz ki, onlarsız komanda zəif olacaq. Bir müddət idi birgə məşq edirdik, bir-birimizə uyğunlaşmışdıq. Ancaq vəziyyət bunu tələb edir, biz də minimum itki ilə çıxmalıyıq.

 

- Yeni transferlərdən kimlərin daha çox xeyir verəcəyini düşünürsüz?

- Hamısı təcrübəli, Premyer Liqada oynamış futbolçulardı. Tək-tək fərqləndirmək düzgün deyil. Kollektivə hörmətsizlik olar.

 

- Mövsümə “İnter”lə oyunla başlayacaqsız. Avropa Liqasında uğurla çıxış edən rəqibinizin oyunlarını necə, izləmisinizmi?

- Baxmışam, onların mərhələ adlamağı bizə də xoşdu, “İnter”i dəstəkləyirik. Heyətləri yeni yığılsa da, hamısı oynayan uşaqlardı. Təcrübəli futbolçuları da var. Gənclərlə çıxış etsək də, qələbə qazanmaq mümkündü.

 

- Hazırkı məqamda müqayisə aparsaq “İnter”in “Xəzər Lənkəran”dan hansısa üstünlüyü varmı?

- Deməzdim, hansısa üstünlükləri var. Varsa da, bunu meydanda görəcəyik. Rəqibdən çəkinmirik, normal komandadı. Öz oyunumuzu göstərməliyik. İstədiyimiz oyunu nümayiş etdirə bilsək, sevinən tərəf olacağıq.

 

- Avrokubok çərçivəsində “Atletik”lə oyun “İnter”i yora bilərmi?

- Yora bilər. Digər tərəfdən “İnter”də az futbolçu yoxdu. İki heyət yığıblar. Bizə qarşı kimlərin oynayacağı bilinmir.

 

- “Qarabağın oturuşmuş, “Qəbələ”nin güclü heyəti var. “Xəzər Lənkəran”ın neçənci yerlər uğrunda mübarizə aparacağı realdı?

- Biz də zəif deyilik. Komandaya yaxşı futbolçular qoşulub. İlk “3-lüy”ə düşmək üçün mübarizə aparacağıq. Digər klublar da heyətlərini gücləndiriblər. Maraqlı çempiona olacağına inanıram.

 

- Başlanğıcdan çox şey asılıdı, deyirlər. “İnter”lə oyundakı nəticədən sonra “Xəzər Lənkəran”ın durumu haqda danışmaq olarmı?

- Əvvəla o deyimlə razılaşmıram. “İnter” 2 il əvvəl 7-8 turdan sonra sonuncu pillədə yer almışdı. Komanda 6-7 oyun qələbə qazana bilmədi. Amma mövsümü ikinci yerdə başa vurdu. Futboldu, bilmək olmur.

0