[b]215-ci[/b]
01.09.2015 - 23:00
[b]215-ci[/b]

Xorvatiya ilə AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək oyun Azərbaycan yığmasının tarixində 215-ci qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk görüşünü 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən (3:6) komandamız Osloda baş tutacaq matça qədər 214 dəfə meydana çıxıb.

 

AVRO-2016-nın seçmə mərhələsinin 7-ci oyununadək 39 qələbə qazanan yığmamız 57 dəfə heç-heçə ilə kifayətlənib, 118 dəfə meydanı başıaşağı tərk edib. Komandamız bu görüşlərdə 151 dəfə rəqib qapısına yol tapıb. Bu oyunlarda qapıçılarımız 367 topun buraxılmasına üzülüb.


2015-ci ildə 4-cü qarşılaşmaya çıxacaq komandamız son 3 oyunda qələbə qazana bilməyib. Martın 28-də evdə Maltaya 2:0 hesabı ilə qalib gələn yığmamız iyunun 7-də Serbiya ilə neytral meydandakı yoxlama oyununda 1:4 hesabı ilə uduzub. İyunun 12-də Norveçlə səfərdə baş tutan seçmə oyununda isə qolsuz heç-heçə qeydə alınıb.

 

Bu matç həm də millinin baş məşqçisi Robert Prosineçki üçün 4-cü sınaqdı. Postunda 2015-ci ildə debüt edən xorvatiyalı mütəxəssis 1 qələbə , 1 heç-heçə və 1 məğlubiyyətə şahid olub. Komandamız həmin görüşlərdə 3 qol vurub, 4-nü buraxıb. Seçmə mərhələdə Prosineçki ilə 2 matç keçirən millimiz 2 qol vurub və qapısını toxunulmaz saxlayıb. Bu matçlarda yığmamızın hesabında 1 qələbə və 1 heç-heçə var.

 

Komandamız seçmə mərhələlərdə 105-ci oyuna çıxacaq. Bunadək 104 belə matç keçirən millimiz 10 qələbə qazanıb, 20 heç-heçə edib, 74 dəfə uduzub. Seçmə oyunlarda 52 qol vuran futbolçularımız 225 top buraxıb. Avropa çempionatlarının 56 seçmə oyununda isə yığmamızın hesabında 6 qələbə, 7 heç-heçə və 43 məğlubiyyət var. Top fərqi də rəqiblərimizin xeyrinədi – 33:140.

 

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu sentyabrın 3-də Bakıdakı “Bakcell Arena”da keçiriləcək.

0