[b]Azərbaycan Triatlon Federasiyasına yeni prezident seçildi[/b]
04.09.2015 - 14:22
[b]Azərbaycan Triatlon Federasiyasına yeni prezident seçildi[/b]

Azərbaycan Triatlon Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə qurumun yeni prezidenti seçilib.

 

Belə ki, federasiyanın icraçı-direktoru Azər Məhərrəmov ATF-də işini prezident kimi davam etdirəcək. O, bu vəzifəyə yekdilliklə seçilib.

 

Ardınca konfransda iştirak edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, ATF-in fəaliyyətindən razıdılar: “Triatlon Federasiyasının və Azərbaycan millisinin qazandığı uğurlar bizi sevindirir. Əsas nümunə kimi Rosteslav Pevtsovun I Avropa Oyunlarında medal qazanmasını göstərmək olar”.

 

Məhərrəmov isə son 2 ilə nəzər salıb, qarşıdakı planlardan danışıb. Onun sözlərinə görə, artıq əsas məqsəd Olimpiadaya lisenziya qazanmaqdı: “Yay Olimpiya Oyunlarının triatlon növündə Azərbaycan heç vaxt təmsil olunmayıb. Artıq bunu reallaşdırmaq üçün hər cür imkan var. Rio-2016-ya lisenziya uğurunda xallar qazanan Pevtsovun çıxışı məni sevindirir. Düzdü, gələn ilin mayında seçmə mərhələnin bitməsini gözləməliyik. Əgər hər hansı bir fors-major baş verməsə, Rosteslav Olimpiadaya vəsiqə qazanacaq. Komandanın nəticəsinə gəlincə, bu mövsüm açıq Afrika Kubokda Pevtsov bizi sevindirdi, Çində keçirilən dünya çempionatında gümüş, Avropa Oyunlarında isə bürünc medal qazandı. İndi o Çikaqoda keçiriləcək Dünya Seriyasına hazırlaşır. Bizi gənclərdən ibarət millimizin çıxışı da sevindirir. Bu günlərdə Avropa Kubokuna ev sahibliyi edən Rumıniyadan şad xəbər aldıq. Millimizin üzvü Darina Moskalenko üçüncü yer tutdu”.

 

Tədbirdə iştirak edən gənclər və idman naziri Azad Rəhimov da ATF-in ünvanına xoş sözlər deyib. O bildirib ki, triotlon eksklüziv idman növüdü: “Özünüz qiymət verin, idmanın 3 növünü – üzgüçülük, velosiped idmanı və qaçışı əhatə edir. Heç şişirtmədən deyə bilərəm ki, triotlonçular elit idmançılar sayılırlar. Yarışlarda gedən mübarizəyə də söz ola bilməz. İndi də Avropa Oyunlarını xatırlayıram. Pevtsov 27-ci üzürdü, amma finişə 3-cü çatdı”.

 

Qeyd edək ki, ATF 2013-cü ilin iyununda yaradılıb və həmin vaxt Beynəlxalq və Avropa Triatlon İttifaqına üzv seçilib. Azərbaycan millisi qısa vaxt ərzində böyük uğur əldə edib. Komandanın üzvü Pevtsov Bakı-2015-in bürünc medalını qazanıb. O, hazırda Rio Olimpiadasına vəsiqə uğrunda mübarizə aparır. 

0