[b]“Gileylənmək lazım deyil” – Roman Qriqorçuk[/b]
25.11.2015 - 22:22
[b]“Gileylənmək lazım deyil” – Roman Qriqorçuk[/b]

“Məni sabahkı oyunla bağlı ən az narahat edən yağışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” sabah PAOK-un qonağı olacaq. Matçdan öncə “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı mətbuat konfransı keçirib.

 

Qriqorçuk yunanlarla səfər qarşılaşmasında yaxşı nəticəyə imza atmağa çalışacaqlarını bildirib: “Yağışın yağması məni narahat etmir. Bu, problem deyil. Sabahkı proqnozda havanın isti olacağı bildirilir”.

 

- Zədədən yeni qayıdan futbolçular – Bezotosnı və Zetsin son durumu nə yerdədi?

- Vəziyyətləri yaxşılaşıb. Dododan başqa hamısı məşq edir. Nəzərə almaq lazımdı ki, zədəli oyunçular 2-3 həftəlik fasilədən sonra məşqə başlayıblar. Bu, onların optimal vəziyyətdə olmadığını göstərir. Amma biz sabah risk edib, bəzilərinə şans verəcəyik.

 

- Yunan klubları bu mövsüm sizin komandanızla bacarmır. Sabahkı qarşılaşmada bu seriyanı davam etdirəcəyinizə inanırsızmı?

- (Gülür) Sabahkı görüşdə komandamdan ideal futbol gözləyirəm. Bu, gözəl oyun və qələbə deməkdi. Mən hansısa seriya barəsində danışmağı xoşlamıram. Amma istərdim ki, bu seriyanı qoruyub saxlayaq.

 

- “Qəbələ” səfərdə qələbə qazanmaq məcburiyyətindədi...

- Sabah qrupun digər matçında “Borussiya” “Krasnodar”la qarşılaşacaq və bizim oyuna qədər həmin görüşün nəticəsini biləcəyik. Əgər “Borussiya” “Krasnodar”a qalib gəlsə, bizim üçün daha yaxşı olacaq. Onda başa düşəcəyik ki, hər şey öz əlimizdədi və növbəti mərhələyə kimin yüksələcəyinə son turda aydınlıq gələcək.

 

- Avroliqanın qrup mərhələsində oynamaq “Qəbələ”yə, Azərbaycan futboluna və sizə nə verdi? Və itirdikləriniz nə oldu?

- Böyük təcrübə qazandırdı. Özümüzü yoxladıq, daha da irəli getmək və inkişaf etmək mənasında çoxlu informasiya aldıq. Bundan əlavə, qrup mərhələsi bizə sevinc bəxş etdi. Qrupdan çıxmaq üçün də əlimizdən gələni edəcəyik. Çox istərdik ki, bunun öhdəsindən artıq bu il gələk. Eyni nəticəni həm özümüzə, həm də “Qarabağ”a arzulayıram. Bu, Azərbaycan futbolunun prestijini artırır. Nə itirdik? Lazımsız xal itkilərinə yol verdik. Bu, kiməsə maraqlı olmaya bilməz. Amma biz daha çox xal toplamağı haqq edirdik. Amma futbolda nəyimiz varsa, onu əldə etmişik. Odu ki, gileylənmək lazım deyil, hazırkı vəziyyəti olduğu kimi qəbul etmək lazımdı. İstəyirik ki, sabah oyunların nəticəsi istədiyimiz kimi olsun və növbəti mərhələyə vəsiqənin taleyini öz meydanımızda həll edək.

 

- “Borussiya”ya qarşı 3 mərkəz müdafiəçisi ilə çıxış etmişdiz. Bu variantı sabahkı matçda da təkrarlayacaqsızmı?

- 3 mərkəz müdafiəçisi ilə oynamaq variantlardan biridi. “Borussiya” ilə matçda bunu etdik, çünki cinah oyunçularımızın matçın çətinliyini qaldırmağını təmin etmək istəyirdik. Bakıdakı görüşdə cinahda çıxış edən futbolçularımızın çətinliklə üzləşdiyini görmüşdük.

 

- Fakundo Pereyranın sabahkı görüşdə iştirak etməməsi sizin planlarınızı pozurmu?

- Zədəli oyunçularımızdan əlavə, daha bir futbolumuz sabahkı görüşdə bizə kömək edə bilməyəcək. Təbii ki, bu, bizi məyus edir. Amma klublar arasında razılıq olub və bu razılaşmaya əməl etməliyik.

 

- “Borussiya” “Krasnodar”la səfər görüşünə bir neçə aparıcı oyunçusunu aparmayıb. Əgər “Qəbələ”nin qrupdan çıxmaq şansı qalmasaydı, siz də həmin addımı atıb, Salonikiyə əsas heyətin bir neçə üzvünü gətirməyəcəkdiz?

- “Borussiya”nın yerində özümüzü təsəvvür etmək çox xoş hissdi. Futbolçuları əsas və ya əsas olmayanlara ayırmıram. Amma dediyiniz kimi olsaydı, az oynayan futbolçulara şans verə bilərdik.

 

- Sabahkı oyunda qələbəyə çox inanırsız. Bu inam nədən irəli gəlir?

- Biz sabahkı oyuna böyük istəklə yanaşırıq. Bu, PAOK-un hansı vəziyyətdə olmasından asılı deyil. Biz qələbə qazanacağımıza inanırıq.

0