[b]Əsgər Abdullayev: “Neftçi”də “Real”ın sistemini tətbiq edirəm [/b]
01.12.2015 - 12:08
[b]Əsgər Abdullayev: “Neftçi”də “Real”ın sistemini tətbiq edirəm  [/b]

“Neftçi” klubunun baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi

 

- Təyinatınızdan sonra komandanı iki vacib oyuna çıxardınız və hər ikisində qələbəni bayram etdiniz. Qısa vaxtda nəyi dəyişdiniz?

- Komandada psixoloji durum yaxşı deyildi. Futbolçular məğlubiyyətdən istər-istəməz məyus olurdu, özünəinamı itirirdi. Gördüyüm iş bu çatışmazlıqları aradan qaldırmaqla yanaşı, oyun sistemində də müəyyən dəyişikliklər etmək oldu. 4-3-3 sistemindən 4-3-2-1 sisteminə keçdik. Bu dəyişiklik hələlik özünü doğruldur.

 

- Uğursuz nəticələr zamanı daha çox futbolçular qınaq obyekti olurdu. Əksəriyyət komandada kifayət qədər potensiallı oyunçunun olmadığını deyirdi. Siz necə düşünürsüz, sərəncamınızda məqsədə doğru irəliləməyə yetəcək qədər futbolçu varmı?

- Heyətimizdə potensialı olan futbolçuların sayı çoxdu. Yaxşı oyunçularımız var. Demişdim ki, vaxt gələcək, “11-lik”də kimlərə şans verəcəyimizlə bağlı çox düşünməli olacağıq. Rəqabət var, xüsusilə də, hücumameyilli futbolçularımız çoxluq təşkil edir. Get-gedə rəqabət daha da artacaq. Çünki texnikalı futbolçularımız kifayət qədərdi.

 

- Amma müdafiəçilərlə bağlı problemlər hiss olunur...

- Bunu deyəcəm, azarkeşlər elə düşünəcəklər ki, mən müdafiə haqda fikirləşirəm. Komanda həm hücum etməli, həm də müdafiə olunmağı bacarmalıdı. Bu baxımdan bir qədər axsayırıq. Çalışıram bu problemi yoluna qoyaq. Müəyyən çətinliklərimiz var. Gələcəkdə daha yaxşı komanda qurmağa imkanımız olacaq.

 

- “Neftçi”nin hücumameyilli futbola üstünlük verməsi bundan irəli gəlir? Çünki siz əksər hallarda daha çox müdafiə olunub, sürətli hücumlara üstünlük verirsiniz...

- Məşqçi iki məsələyə - əlindəki “material”a və ya öz fəlsəfəsinə uyğun oyun qurur. Əlbəttə, hücum futboluna üstünlük vermək istərdim. Bu sistem o zaman özünü doğrulda bilər ki, futbolçularımın hamısı texniki cəhətdən yüksək səviyyədə olsunlar. Amma hansı sistemi seçməyindən asılı olmayaraq, komanda müdafiə olunmağı da bacarmalıdı. Bu gün hamı “Barselona”dan, “Real”dan danışır. “Real” 4-2-3-1 sisteminə üstünlük versə də, hücum zamanı bu sistem 4-3-3-ə çevrilir. Həmin variantı biz də burda tətbiq edirik. Hücum zamanı 4-3-3 olsaq da, müdafiə zamanı 4-5-1 sisteminə keçməliyik ki, cinahlar bağlansın. “Qarabağ”la oyun zamanı cinahları bağlamaqda çətinlik çəkirdik. Bunun üzərində işləməliyik.

 

- Baş məşqçi postu sizə həvalə edilən zaman bunun müvəqqəti təyinat olduğu açıqlandı. Bu cür yanaşma işinizə mane olmayacaq?

- Məni yetişdirib bu günə çatdıran, Əsgər Abdullayev edən “Neftçi”di. Karyeramı bu kluba borcluyam. Əgər 3 günlük köməyimə belə ehtiyac olsa, etiraz etmərəm. Bu mənim klubumdu, komandamdı. Hətta azarkeşlərdən biri dedi ki, evinizə xoş gəlmisiniz. Qaldı məsələnin digər hissəsinə, çalışmalıyam etimadı doğruldum.

 

- Sizcə, qışa qədər bu cür davam edəcəyi təqdirdə rəhbərlik fikrini dəyişdirə bilərmi?

- Qismət Allahındı. Dəyişsələr də, dəyişməsələr də sağ olsunlar. Mənə verilən müddətdə komandaya kömək etməyi, çətin durumdan çıxarmağı istəyirəm.

 

- Sizin yeriniz Müşahidə Şurasıdı, yoxsa texniki zona?

- Hər ikisi futbol sahəsidi. Amma meydanı, mübarizəni daha çox istəmişəm. Bugünkü gündə meydanda olmağı daha çox istərdim.

 

- Soyuqqanlı olsanız da, son iki görüşdə hətta oyun zamanı meydana daxil olmaqdan belə çəkinmirsiniz. Emosiyaların bu qədər coşması nədən irəli gəlir?

- Epizodlarda düzgün müdafiə olunmadığımız üçün bəzən texniki zona qaydalarını pozuram. Yaxşı ki, hakim buna görə məni cəzalandırmadı.

0