Topaz Premyer Liqasında ilk yarını uğurlu keçirən “Zirə” heyətində “təmizləmə” işinə başlayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, artıq bir futbolçu ilə yollar ayrılıb.
Söhbət braziliyalı yarımmüdafiəçi Eduardo Makieldən gedir. Sabiq AZAL-lı mövsümlərarası fasilədə 6 aylıq müqavilə imzaladığı “Zirə”də özünü yaxşı tərəfdən göstərə bilməyib.
29 yaşlı “sambaçı” cari mövsümün ilk iki dövrəsində yalnız 2 matçda iştirak edib ki, onda da cəmi 18 dəqiqə meydanda qalıb. Baş məşqçi Adil Şükürov onun xidmətində maraqlı olmadığından, futbolçu ölkəsinə yola salınıb.
Yayda “Bakı”dan 6 aylıq icarəyə götürülən hücumçu Nurlan Novruzovda isə vəziyyət fərqlidi. Düzdü, Novruzov da hələlik debütantın heyətində cəmi 5 görüşdə iştirak edib. Lakin məşqçilər korpusu onun qalmasının tərəfdarıdı. “Zirə” müqavilə ilə “Bakı”ya məxsus olan 22 yaşlı forvardı indi də mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədi. Çox güman ki, paytaxt klubu onu heyətdə saxlaya biləcək.