[b]Luka Elsner: Samir təkbətək mübarizələrdə çox təhlükəlidi [/b]
11.02.2016 - 10:15
[b]Luka Elsner: Samir təkbətək mübarizələrdə çox təhlükəlidi [/b]

Sloveniyanın “Domjale” klubunun baş məşqçisi Luka Elsnerin apasport.az saytına müsahibəsi

 

- Bu günlərdə müqavilə imzaladığınız azərbaycanlı futbolçu Samir Məsimovu harada görüb bəyənmişdiniz?

- Samirin oyununu görən kimi, bəyəndik. Dərhal Azərbaycanla əlaqə saxladıq və bu keçidi həll etdik. İlk növbədə onu deyim ki, bizim sistemə uyğun futbolçudu. Fərdi oyun keyfiyyəti yüksəkdi. Topla yaxşı rəftar edir, yaradıcı oyunçudu. Texniki cəhətdən güclü olduğundan, təkbətək mübarizələrdə çox təhlükəlidi. Bundan əlavə, kollektiv oyuna da üstünlük verir. Qısası, biz istədiyimiz futbolu sərgiləyir və bu, çox ürəyimizcədi. İnsan kimi də yaxşı oğlandı. Müsbət keyfiyyətləri çoxdu. Bu cür oyunçunu heyətimizə qatdığımız üçün xoşbəxtik.

 

- İstər “Neftçi”də, istərsə də digər klublarımızda kifayət qədər gənc oyunçu var. Məhz Samiri seçməyiniz nə ilə bağlıdı?

- Biz inkişaf etməkdə olan, yəni gələcəklə bağlı perspektiv vəd edən oyunçuları komandamıza cəlb edirik. Samir bu yaşda keçmiş komandası “Neftçi”nin heyətində bir çox vacib oyunlarda iştirak edib. “Neftçi” Azərbaycanın böyük klublarından biridi. Samir həmin komandanın heyətində həm ölkə çempionatı, həm də Avropa Liqası oyunlarında meydana çıxıb. Bu bizə təminat verir ki, düzgün transfer etmişik. Ancaq inanırıq ki, Məsimov daha da inkişaf edə bilər. Biz də bunun üçün ona əlimizdən gələn köməyi edəcəyik. Samir indikindən daha güclü futbolçuya çevrilməlidi. Bunu bacaracağına şübhə etmirik. 


- Samiri hansı mövqedə oynatmağı düşünürsüz? Onunla bağlı planlarınız nədi?

- Samir bir neçə mövqedə oynamağı bacaran futbolçudu. Biz ondan hücumçunun arxasında, həmçinin yarımmüdafiənin sağ və sol cinahlarında istifadə etməyi düşünürük. Samir hər iki ayağı ilə oynaya bildiyindən, həm sağ, həm də sol cinahda çıxış etməsi mümkündü. Həm zərbə vurmaq, həm də “assist” etmək bacarığı var. Bu da onu göstərir ki, qola gedən yolda bizə faydalı olacaq. Hücumameyilli yarımmüdafiəçidi. Bizim də məhz bu cür oyunçuya ehtiyacımız var idi. Buna görə də, Samiri heyətimizə qatdıq.


- Azərbaycanlı futbolçuya maraq göstərməyinizdə və bu transferin baş tutmasında vaxtilə ölkəmizdə çıxış etmiş, hazırda isə “Domjale”nin formasını geyinən Lukas Mario Horvatın əməyi varmı?

- Açığı, o qədər də yox. Amma həm Horvat, həm də vaxtilə ölkənizdə oynamış komandamızın digər üzvü Juninyo (“Bakı”nın sabiq braziliyalı yarımmüdafiəçisi – red.) Azərbaycanla əlaqə yaratmaqda, klubla təmasa keçməkdə bizə yardımçı oldu. Həm onlar, həm də biz Samirin komandaya tez adaptasiya olması üçün çalışırıq. Meydanda yaxşı şeylər etmək üçün ilk növbədə, uyğunlaşma prosesini keçməlidi. Samir özünü yaxşı hiss edir. Başa düşürük ki, yeni mühitə, yeni komandaya uyğunlaşmaq onun üçün asan deyil. Ancaq onun adaptasiya prosesini qısa zamanda keçməsi üçün əlimizdən gələni edirik.

 

- Azərbaycan çempionatını izləyirsinizmi və futbolumuz haqda, ümumiyyətlə, nə bilirsiz?

- Açığı, Samirin keçirdiyi oyunlar istisna olmaqla, Azərbaycan çempionatının digər matçlarını izləməmişik. Buna baxmayaraq, təhlillər aparırıq və futbolunuza maraq göstəririk. Azərbaycanın böyük klublarının çıxışlarını izləyirik, diqqətdə saxlayırıq. Bilirik ki, ölkənizdə futbola böyük qiymət verilir. Bir çox əcnəbi oyunçuların Azərbaycan Premyer Liqasında çıxış etməsi də bunun göstəricisidi. Çempionatınızın səviyyəsini və Azərbaycan klublarının ötən il Avropa Liqasında yaxşı işlər gördüyünü bilirik. Gələcəkdə də futbolçu məsələsində Azərbaycanla əlaqə saxlaya bilərik. Ölkənizdən yenə çoxlu yaxşı futbolçu tapa bilərik. Sonda bir daha deyim ki, Samir Məsimovu heyətimizə qatdığımız üçün şadıq.

 

0