[b]“Cəza gəlsə də, gəlməsə də...” - “İnter”in prezidenti [/b]
11.02.2016 - 13:12
[b]“Cəza gəlsə də, gəlməsə də...” - “İnter”in prezidenti  [/b]

“Qış fasiləsindən sonra ardıcıl iki oyunda məğlub olmağımızın UEFA-dan gələ biləcək cəza ilə bir əlaqəsi yoxdu. Bu amilin futbolçularda ruh düşkünlüyü yaratdığını düşünmürəm”. Bunu apasport.az saytına “İnter” klubunun prezidenti Rəşad Qasımov deyib.

 

UEFA borclu olduğu futbolçularla problemi yoluna qoyması üçün “bankirlər”ə yanvarın 31-dək vaxt vermişdi. Lakin paytaxt təmsilçisi heç də bütün oyunçularla ortaq məxrəcə gələ bilməmişdi. İndi qitə futbol qurumunun “İnter”i birillik avrokuboklardan kənarlaşdırması gözlənilir.

 

Komandanın Topaz Premyer Liqasının qış fasiləsindən sonrakı ilk iki turunda “Zirə” (1:2) və “Qəbələ”yə (0:1) məğlubiyyətini bununla əlaqələndirənlər də var. Lakin Rəşad Qasımov UEFA ilə problemin bu nəticələrə təsir etmədiyini düşünür: “Bəzi futbolçulara olan borcun ödənilməsi məsələsində razılıq əldə etdiyimizi UEFA-ya bildirmişik. Qitə futbol qurumu hələ qərar verməyib. Düşünmürəm ki, çempionatdakı məğlubiyyətimiz bununla bağlıdı. İki oyuna əsasən bir fikir yürütmək doğru olmaz”.

 

Klub prezidenti komandanın qarşısına qoyulan hədəflə bağlı da danışıb: “UEFA-dan cəza gəlsə də, gəlməsə də, məqsədimiz dəyişməyəcək. Çalışmalıyıq mövsümü ilk “üçlük”də tamamlayaq. Avrokuboka yollanıb-yollanmayacağımız ikinci məsələdi. O ki qaldı “Zirə” və “Qəbələ”yə uduzmağımıza, futbolda belə hallar olur. Bir komanda qələbə qazanar, digəri məğlub olar. İndi turnir cədvəlinin 5-ci pilləsində yer almağımız bizi narahat etmir. Çünki bir hədəfimiz var. O istiqamət üzrə də getməliyik. Yəqin ki, bunun bir bəhrəsi olacaq. Sadəcə, səbr etmək lazımdı”.

 

“İnter” avrokuboklara vəsiqə qazanacağı və bu turnirdə iştirakına qadağa qoyulmayacağı təqdirdə oyunlarını keçirəcəyi stadionu da müəyyənləşdirib. Qasımov matçları “İnter Arena”da keçirəcəklərini vurğulayıb: “Onsuz da, “İnter Arena” avrokuboklar üçün qəbul olunmuş stadiondu. Bu stadion UEFA-da qeydiyyatdadı. Hər hansı bir dəyişikliyə ehtiyac yoxdu”.
 

Ruslan SADIQOV

0