[b]Antonio Konte üçün Azərbaycan nümunəsi[/b]
12.02.2016 - 12:55
[b]Antonio Konte üçün Azərbaycan nümunəsi[/b]

“Bizim öz ambisiyamız var. Seçmə mərhələdə istəyimizə çatdıq. İndi növbə final mərhələsindədi”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.

 

47 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında AVRO-2016-dakı hədəfləri barədə danışıb. O, seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda yer almış “Skuadra Adzurra”nın Fransaya da birincilik üçün yollanacağını söyləyib.

 

Konte bildirib ki, seçmə mərhələ matçlarındakı çıxışları ilə buna qadir olduqlarını göstəriblər: “Avropa çempionatının favoritlərindən olub-olmadığımızı bilmirəm. Lakin bu komanda Fransada 7 oyun keçirmək gücünə malikdi. Bunun üçün millimizi böyük turnirlərə aparmış məşqçilərin də məsləhətinə ehtiyac duymuşam. Marçello Lippi, Covanni Trapattoni və Karlo Ançelottiyə zəng vurub, onlarla məsləhətləşmişəm. Çalışırıq işimizi qüsursuz görək ki, Fransadan çempion kimi dönək”.

 

İtaliya mətbuatı Kontenin bu açıqlamasını birmənalı qarşılamayıb. Yerli KİV hesab edir ki, onun rəhbərliyi altındakı “Skuadra Adzurra”nın ən böyük çatışmazlığı zəif komandalarla görüşlərə köklənə bilməməsidi: “Qrupda Belçika və İsveç kimi güclü heyətə malik komandalar var. Ancaq millimizin ən ciddi rəqibi İrlandiyanı hesab edirik. Çünki Konteli yığmanın autsayderlərlə görüşü daha çətin keçir. Seçmə mərhələdə Azərbaycan və Malta ilə oyunlar buna misaldı. Bu komandalar autsayder sayılsalar da, yığmamız onlarla görüşlərdə kifayət qədər çətinliklə üzləşmişdi. Konte bu oyunları ciddi dəyərləndirməli və qitə birinciliyi öncəsi özü üçün nümunə götürməlidi”.

 

Qeyd edək ki, İtaliya yığması AVRO-2016-nın seçmə mərhələsində lider kimi tamamladığı H qrupunda Azərbaycanı 2:1, 3:1, Maltanı isə hər iki matçda 1:0 hesabı ilə məğlub etmişdi.

0