[b]Rəcəbov oynamadan irəlilədi, Məmmədyarov yerində qaldı[/b]
01.03.2016 - 10:00
[b]Rəcəbov oynamadan irəlilədi, Məmmədyarov yerində qaldı[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mart ayı üçün müəyyənləşən 100 ən yaxşı arasında yenə 4 Azərbaycan qrossmeysteri yer alıb.

 

Həmyerlilərimizdən ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. Qrossmeysterimizin ötən ayla müqayisədə mövqeyi dəyişməyib və 18-ci pillədəki yerini qoruyub. Onun xalı da dəyişməz qalıb – 2747.

 

Məmmədyarovdan fərqli, yarışlara mütəmadi qatılmayan Teymur Rəcəbov (2726) rəqiblərinin geriləməsi səbəbindən irəliləyib. İlə 28-ci yerdə başlayan təmsilçimiz 26-cı yerə yüksəlib. Yığmamızın digər üzvü - Eltac Səfərli (2653) də mövqeyini yaxşılaşdırıb. Ötən ay “100-lüy”ü qapayan şahmatçımız hazırda 85-cidi.

 

Komanda yoldaşları ilə müqayisədə Arkadi Naydiç (2673) geriləyib. Milliləşdirilmiş Latviya əsilli idmançımız 24 pillə geriləyərək, 68-ci yerə enib.

 

Reytinq siyahısının ilk “üçlüy”ündə də dəyişiklik baş verib. Siyahıda yenə Maqnus Karlsen (2851) birinci, Vladimir Kramnik (Rusiya, 2801) ikinci olduğu halda, Aniş Giri (Hollandiya, 2793) üçüncü yeri Fabiano Karuanaya (ABŞ, 2794) təhvil verib.

 

Qeyd edək ki, qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

 

0