Norveçdə keçirilən Avropa çempionatında əsgər salamı - FOTO
11.04.2016 - 13:02
Norveçdə keçirilən Avropa çempionatında əsgər salamı - FOTO

Norveçin Fyorde şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə podiuma 2 atletimiz çıxıb.

 

48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mərziyyə Məhərrəmova B qrupunda mübarizə aparıb və yekunda 19 iştirakçı arasında 11-ci olub. Birdən qaldırmada 70 kq çəkinin öhdəsindən gələn həmyerlimiz təkanla qaldırmada 85 kq çəkini ram edə bilib.

 

Ondan fərqli, Elmar Alıyev komandamıza ilk medalı qazandırıb. 56 kq çəki dərəcəsində körpücük üzərinə qalxan təmsilçimiz “kiçik bürünc”lə kifayətlənib.

 

Ağırlıqqaldıranımızın birdən qaldırmada cəmi 1 cəhdi uğurlu alınıb. 102 kq çəkini başı üzərinə qaldıran Alıyev ardınca 108 kq sifariş etsə də, öhdəsindən gələ bilməyib və 8-ci olub.

 

Təkanla qaldırma hərəkətində isə Alıyev 3-cü yeri tutub. O, öncə 130 kq çəkini baş üzərinə qaldırıb. Növbəti 3 cəhdinin hərəsində 3 kq çox sifariş verən Elmar bu yanaşmalarını da uğurla bitirib.  


Toplamda 238 kq (102 kq + 136 kq) nəticə göstərən həmyerlimiz ümumi sıralamada isə 16 idmançı arasında 7-ci yeri tutub.

 

Alıyev Norveçdə “kiçik bürünc”lə yanaşı, jestlə də diqqət mərkəzinə düşüb. O, sifariş etdiyi axırıncı çəkini (136 kq) ram etdikdən sonra Dağlıq Qarabağda təmas xəttindəki döyüşlərdə həlak olan şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq əsgər salamı verib.
 

Qeyd edək ki, Rioya lisenziya xarakteri daşıyan Avropa çempionatı aprelin 17-dək davam edəcək. 

0